Azərbaycan yığması (U-21) üçün yeni futbolçu milliləşdirilib. Apasport.az saytının məlumatına görə, bunun sayəsində Antalyadakı təlim-məşq toplanışına yollanacaq Almaniya türklərinin sayı üçə çatıb.
Bilal Sezer və Taşkın İlterlə eyni komandada oynayacaq növbəti legioner Deniz Topçudu. 1995-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olan gənc futbolçu sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
Yerli “Ayntraxt”ın yetirməsi olan Topçu şəhərin eyniadlı klubu “Farankfurt”un uşaq komandasında da oynayıb. 2013-cü ildə ilk peşəkar müqaviləsini imzalayan müdafiəçi Bavariya Regionalliqasında mübarizə aparan “Viktoriya Aşafenburq”la anlaşıb. İlin sonunadək burada cəmi 9 oyun keçirən Topçu 2 məhsuldar ötürmə ilə də diqqət çəkib.
Almaniyada yaşayan türkləri daim diqqətdə saxlayan Superliqa klubları Denizin də izinə düşüb. Arxa xətt oyunçusunu düşərgəsinə cəlb edən ilk komanda “Bursaspor” olub. Lakin bursalılar 1 həftə baxışda saxladığı müdafiəçini bəyənməyib.
2014-cü ilin yanvarında isə Topçu “Əskişəhərspor”la müqavilə imzalayıb. O, yeni klubu ilə 5 illik anlaşıb. Bir ildən artıqdı bu klubda olan arxa xətt oyunçusu hələ heç bir rəsmi matça çıxmayıb.