[b]“Buxarlanan” və havayı pul yeyən hakimlər[/b]
29.04.2016 - 13:26
[b]“Buxarlanan” və havayı pul yeyən hakimlər[/b]

Azərbaycan futbolundakı hakim problemi gündən günə böyüyür. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda yaşanan qalmaqallarının əsl səbəbi ədalət təmsilçilərinin çatışmazlığıdı.

 

Yüksək səviyyəli kadr hazırlanmasında aciz olan Hakimlər Komitəsi (HK) Topaz Premyer Liqası və kubokun həlledici matçlarına təyinat verməyə adam tapmır. Saytımız dəfələrlə bu problemi qabartsa da, komitə heç cür bununla barışmaq istəmir.

 

Dəfələrlə eyni hakimlərin ardıcıl bir neçə gün müxtəlif yarışlarda (Premyer Liqa, əvəzedicilər, I divizion) iştirak etməsi, bəzən əsas, bəzən ehtiyat referi kimi meydana çıxmasının da kökündə məhz kadr qıtlığı dayanır. Bütün dünyanın 6 hakimlik sistemə keçdiyi vaxtda AFFA-nın ən problemli komitəsi qapı arxasında dayanan ədalət təmsilçilərinə təyinat vermir. Daha doğrusu, verə bilmir. Çünki bunun üçün kadr yoxdu.

 

Bir sıra təcrübəli, perspektivli və bacarıqlı hakimləri bu peşədən qovan HK 2016-cı ilin əvvəlindən yalnız 1 dəfə - kubokun yarımfinal oyunlarında dünya praktikasından yararlandı. Mövsümün ikinci yarısında yalnız bu son iki oyunda əlavə köməkçi hakimlər – yəni qapının arxasında dayananlara ehtiyac duyuldu. Amma bu da qalmaqaldan qaçmağa imkan vermədi. 6 ədalət təmsilçisi birləşib bir oyunda ədaləti qoruya bilmədi. Söhbət “Neftçi” – “Qəbələ” matçından (1:1) gedir.

 

HK sədri Xaqani Məmmədov matçın baş hakimi Əliyar Ağayevin çox oyun idarə etdiyi üçün yorulduğunu və bu üzdən səhv etdiyini bildirir. Amma bu iddiası ilə də iki sual yaradır.

 

Birincisi, Ağayev yorulubsa, bəs qapı arxasındakı hakim penaltini görmürdü? Bunu görməyəcəkdisə, niyə havayı qonorar alır?

 

Görünən budu ki, bizdə təkcə baş hakimlər deyil, elə digər ədalət təmsilçiləri də işinin öhdəsindən gələ bilmir.

 

İkincisi, Ağayev yorulursa, niyə ona təyinat verilir? Axı onu yoran bu təyinatları verən elə Hakimlər Komitəsidi.

 

Lakin Məmmədovun sözlərində həqiqət də var. Həqiqət odu ki, hakimlərimiz çox təyinat alır. Elə həmin Ağayev apreldə 3 çempionat və 1 kubok matçında baş hakim olub. Onun kimi FİFA referisi olan Rəhim Həsənov da geri qalmır. Apreldə cəmi 22 matç baş tutub ki, bunun da 1/3-dən çoxu 2 nəfərə tapşırılıb. Bu müddətdə cəmi 8 hakimə güvənən komitənin “yetişdirdiyi” kadrlar hardadı bəs?

 

Elə ötən ayda baş tutan 28 qarşılaşmada da vur-tut 10 ədalət təmsilçisinin xidmətindən istifadə edilib. Ağayev onda da hamıdan öndə olub. Tam olmayan iki ayda – 59 gündə 9 matçda baş hakim olub. Hələ biz bu 8-10 hakimin bəzən dördüncü referi kimi, bəzən əvəzedici və ya I divizion matçına təyinat almasını demirik.

 

 

Aprel (20 çempionat və 2 kubok)

 

Baş hakim

Oyun (kubok)

Əliyar Ağayev

4 (1)

Rəhim Həsənov

4 (1)

Fariz Yusifov

3

Ramil Diniyev

3

Ömər Paşayev

2

Orxan Məmmədov

2

Rauf Cabbarov

2

Rəvan Həmzəzadə

2

 

 

Mart (20 çempionat və 8 kubok)

Əliyar Ağayev

5 (1)

Ömər Paşayev  

4 (1)

Orxan Məmmədov

4 (1)

Rauf Cabbarov

3 (1)

Rəhim Həsənov

3 (2)

Elvin Əsgərov

2

İnqilab Məmmədov

2

Ramil Diniyev

2 (2)

Rəvan Həmzəzadə

2

Fariz Yusifov

1

 

 

Hakim çatışmazlığı təkcə son iki ayı deyil, bütün mövsümü əhatə edir. Əslində, bu, son illərin daimi və HK-nin həll edə bilmədiyi problemidi. Cari mövsüm isə arxada qalan 155 çempionat və 21 kubok görüşündə, yəni 176 matçda cəmi 12 baş hakim meydana çıxıb. Onlardan da ikisi yalnız kubokda etimad qazanıb. Topaz Premyer Liqasının 155 oyununda isə 10 referi iş başında olub.

 

Bu, o deməkdi ki, orta hesabla hər hakim 15,5 görüş idarə etməlidi. Rəhim Həsənov 23 çempionat matçı idarə etməklə rekorda imza atıb. Ona təkcə Azərbaycan deyil, az qala bütün dünya həsəd apara bilər. Axı hər hakim ildə bu qədər oyuna çıxmır. Elə Ağayev də həmkarından çox geri qalmır – 20 oyun. Ömər Paşayev isə Premyer Liqanın 19 matçında ədaləti qoruyub.

 

Mövsümdə (155 çempionat və 21 kubok)

 

Rəhim Həsənov

26 (3)

Əliyar Ağayev

23 (3)

Ömər Paşayev  

21 (2)

Fariz Yusifov

17 (1)

Orxan Məmmədov

17 (2)

Rauf Cabbarov

17 (2)

Ramil Diniyev

16 (3)

Elvin Əsgərov

14 (1)

Rəvan Həmzəzadə

12 (1)

İnqilab Məmmədov

11 (1)

Anar Niyazov 

1 (1)

Əmrah İbrahimov 

1 (1)

 

Hakimlər Komitəsi 10 komandalı çempionat üçün 10 referinin az olmadığını iddia edə bilər. Amma qonşu, yaxın ölkələrə baxıb bunun əksini müşahidə edirik.

 

Cari mövsüm 279 çempionat oyunu keçirilən Türkiyədə artıq 38 referi meydana çıxıb. Bu isə hər hakimə orta hesabla 7,34 matçın düşməsi deməkdi. Bizimlə müqayisədə bu iki dəfə azdı. Yəni, qonşumuzdan iki dəfə geri qalırıq. Avropanın ən yaxşıları sırasında olan türkiyəli Cüneyt Çakır isə Superliqada 17 matç idarə edib. O, Ağayev, Həsənov, Paşayevə həsəd apara bilər.

 

Elə Ukrayna futbolunda durum oxşardı. 161 matça 22 hakim təyinat alıb. Bu da onların hərəsinə orta hesabla 7,31 deməkdi. Onların lideri Anatoli Abdula 10 matçda baş hakim olub ki, bu da Premyer Liqamızda ən az matç idarə edən İnqilab Məmmədova bərabərdi.

 

Rusiyada orta oyun sayı 12,63-ə bərabərdi. 202 matçın keçirildiyi çempionatda 16 baş hakim iş başında olub. Şimallıların rekordçusu Vladislav Bezborodov 18 matçda bu funksiyanı yetimə yetirib.

 

Azərbaycan hakimlərinin Avropadan çox geri qaldığı hamıya bəllidi. Bu üzdən də indiki durumu başqaları ilə deyil, dünənimizlə müqayisə edək.

 

Əgər cari mövsüm 176 matçı 12 hakim idarə edibsə, 2007/08 mövsümündə 239 qarşılaşmada 30 referi söz sahibi olmuşdu.

 

Niyə məhz 2007/08 mövsümü? Xaqani Məmmədovun Hakimlər Komitəsinin başına 2008-ci ilin aprelində gəldiyini nəzərə alıb, onunla deyil, başqası ilə başlayan mövsümə baxmaq məqsədəuyğundu.

 

Həmin vaxt 24 yerli hakimə güvənən komitə 6 əcnəbi hakimə də dəvət göndərib. İndi isə mövsümboyü 12 hakimin ümidinə qalan komitə legioner referi tələblərini yaxın buraxmır. Guya, özümüzdə yetərincə hakim var. Varsa, hanı?

 

8 ildə Premyer Liqa və kubok matçlarını idarə edə biləcək hakimlərin sayı 24-dən 12-yə enib. “-12” ilə işləyən Hakimlər Komitəsi kadr yetişdirib, bu rəqəmi artırmaq əvəzinə onları azaltmaqla məşğuldu. Əgər hər hansı dəyişiklik olmasa və indiki templə hakimliyin enişi davam etsə, növbəti 8 il üçün itiriləcək 12 hakim bu rəqəmi 0-a endirəcək.

 

0