Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə PSJ ilə qarşılaşan “Çelsi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Parisin “Park de Prens” stadionunda keçirilən oyunda London klubu yubiley qoluna imza atıb.
1:1 hesabı ilə başa çatan görüşün 36-cı dəqiqəsində Branislav İvanoviç hesabı açıb. 30 yaşlı futbolçunun vurduğu top “zadəganlar”ın qitə miqyaslı ən möhtəbər klub turnirində 100-cü qolu olub.
Qeyd edək ki, “Çelsi” turnirin tarixində beşinci klubdur ki, səfər meydançasında 100-cü qolu rəqibin qapısından keçirib. Daha əvvəl bu nailiyyəti “Real” (163), “Barselona” (150), “Bavariya” (147) və "Mançester Yunayted" (124) əldə edib.
Xatırladaq ki, PSJ avrokuboklarda ardıcıl 33 oyundur doğma publika önündə uduzmur. Bu isə bütün komandalar arasında mütləq rekorddu. Paris klubu sonuncu dəfə evdə 23 noyabr 2006-cı il tarixində Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tel-Əviv “Hapoel”inə məğlub olub – 2:4.