Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun “Proyssen”lə anlaşması bu klubun III Bundesliqadakı rəqiblərindən olan “Şportfroynde”nin baş məşqçisi Andreas Qolombeki məyus edib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis Dadaşovun transferi üçün əllərindən gələni edə bilmədiklərini söyləyib.
Onun fikrincə, Dadaşov gələn mövsüm yeni komandasında da qollarını vurmaqda davam edəcək: “Rüfətin adını çoxdan qeyd etmişdim. Qışda ona zəng vurdum və futbolçu dəyişiklik etməyə hazır idi. İl yarımdı yaxşı formadadı, bu mövsüm “Dinamo”nun heyətində əla çıxış etdi. Gələn mövsümdən isə “Proyssen”in formasını geyinəcək. Əminəm ki, o, gələn mövsüm 15 qol vuracaq. Rüfət çalışqan, hədəfə düzgün “atəş açan” əsl komanda oyunçusudu, onda paxıllıq yoxdu. Gələcəkdə daha yaxşı futbolçu olacaq. Mən hələ də onun gəlməsini istərdim. Bizim büdcəmiz elə də yüksək deyil. Ancaq “Proyssen” klubu idman direktorunu və məşqçisini Berlinə göndərməklə Dadaşovu razı sala bildi”.
Qeyd edək ki, bir müddətdi zədədən əziyyət çəkən Rüfət Dadaşov Berlin Kubokunun finalında sonuncu dəfə “Dinamo”nun heyətində meydana çıxa bilər. O, yayda qoşulacağı “Proyssen”lə 2 illik müqavilə bağlayıb.