[b]“Elə bilməsinlər ki, dayanmışıq” – Yunis Hüseynov[/b]
26.01.2018 - 16:00
[b]“Elə bilməsinlər ki, dayanmışıq” – Yunis Hüseynov[/b]

”Birinci yoxlama matçına kimi gündə iki dəfə məşq keçirdik. Buna görə də, uşaqlar fiziki cəhətdən yüklənmişdilər. Ağır məşqlərdən sonra növbəti oyuna çıxdıq. Matçın hesabı yox, futbolçuların verilən tapşırıqları yerinə yetirib düzgün oynamaları məni maraqlandırırdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.

 

Antalyada təlim-məşq toplanışını davam etdirən “Kəpəz” Türkiyə hazırlığı çərçivəsində ikinci yoxlama oyununda Cənubi Koreyanın “Daejeon Citizen” klubuna 1:0 hesabı ilə qalib gəlib.

 

Yunis Hüseynov klubun rəsmi saytına açıqlamasında yoxlama oyunları və toplanışın gedişini dəyərləndirib: “Futbolçuların əzmkarlığını və mövqelər üzrə necə çıxış etməsini görmək istəyirdim. Oyunçular yaxşı təsir bağışladılar. Meydanda döyüşkən komanda gördüm. Mübarizə keyfiyyətləri xoşuma gəldi. Mehriban kollektiv formalaşıb. Futbolçular meydandan kənarda da bir yerdədilər. Sözləri bir-birinə xoş gəlir (gülümsəyir). Əsas budu. Kollektiv yaxşı olanda bu, nəticədə də əks olunur. İkinci oyunda da heyət səylə mübarizə apardı. Bu məqam məni sevindirir. Amma çatışmayan cəhətlər var və bunun üzərində işləyirik. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik”.

 

Təcrübəli mütəxəssis transfer çalışmalarının yekunlaşmadığını və axtarışda olduqlarını deyib: “Ön xətdə çatışmazlıq var. Hücumçu mövqeyinə hələ ki, oyunçu götürə bilməmişik. Bu yöndə işlər gedir. Azarkeşlərimiz elə bilməsinlər ki, dayanmışıq, əsla, gecə-gündüz axtarışdayıq. Menecerlər tərəfindən çoxlu futbolçular təklif olunur, onları təhlil edirik. Komandamıza kömək edə biləcək forvard götürmək fikrindəyik. Bu istiqamətdə çalışırıq. Düzdü, çətindi, amma bacardığımız qədər bunun öhdəsindən gələcəyik. Yeni komanda formalaşdırmışıq. Heyətə çoxlu futbolçular götürmüşük. Toplanışda taktiki hazırlıqlara üstünlük vermişik, uşaqların meydanda bir-birlərini daha yaxşı başa düşməsi üçün çalışırıq. Çətin olmasına baxmayaraq, 50-60 faiz anlaşma var. Bu heyətlə cəmi iki matç keçirmişik, bütün futbolçulara oynamaq şansı verilib. Oyunçular hazırlıq proseslərində öz üzərlərində səylə çalışırlar, yaxşı əhval-ruhiyyə ilə məşq edirlər, onlardan razıyam. Bura gələndən istirahət etməmişik, bütün fikrimiz ciddi şəkildə hazırlığa yönəlib. Şükür ki, heyətdə zədəli oyunçumuz yoxdu”.

 

Hüseynov Dario Frederikonun yenidən komandaya qayıtmasına da münasibət bildirib: “Dario gəncəli azarkeşlərin sevimli futbolçularından biridi. Onunla müqavilə bağladıq, inanırıq ki, “Kəpəz”ə kömək edəcək. Frederiko öz oyununu göstərə bilir, bununla belə fiziki planda tam hazır deyil. Durumunu yaxşılaşdırmaq üçün fərdi proqram tutmuşuq, onun üzərində iş gedir. Çalışacağıq ki, çempionatın ikinci hissəsinin startı üçün hazır edək. İndi hardasa 60 fazi hazırdı”. 

0