[b]“Əsas rəqiblərimiz...” – Ruslan Abışov[/b]
31.10.2016 - 00:00
[b]“Əsas rəqiblərimiz...” – Ruslan Abışov[/b]

“Sumqayıt”la oyunda növbəti qələbəsini qazanan və üst sıralarda yer alan komandalarla xal fərqinin artmasına imkan verməyən “İnter”in yarımmüdafiəçisi Ruslan Abışov oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Asan qələbə qazandığımızı demək olmaz. Üç oyunluq heç-heçədən sonra 3 xal qazanmaq vacib idi. “Qarabağ”la “Qəbələ”nin qələbəsi də bizi vadar edirdi ki, xal fərqini böyütməyək. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Əsas odur ki, nəticəni xeyrimizə dəyişə bildik.

 

- Erkən qol nəyin nəticəsi idi?

- Meydana rahat çıxmamışdıq. Ani diqqətsizliyin nəticəsində onlar qol vurdu. Yaxşı ki, tez toparlanmağı bacardıq.

 

- Hazırkı məqamda əsas rəqibləriniz hansı komandalardı?

- Bir gün əvvəl “Qəbələ”nin və “Qarabağ”ın qalib gəlməsi bizim də 3 xal qazanmağımıza səbəb oldu. Çünki xal fərqini artmasına imkan verməməliyik. Digər yandan, əsas rəqiblərimiz “Zirə” və “Kəpəz”di. Amma çempionluqdan da əlimizi üzmürük, sona qədər mübarizə aparacağıq.

 

- “İnter”in öz meydanında daha yaxşı oynadığını demək olarmı?

- Müəyyən səhvlərimiz var. Əsas da hücumun sonluğunu tamamlamaqda çətinlik çəkirik. “Neftçi” ilə oyunda bu səhvlərə yol verməməliyik. Belə komandalara qarşı bu cür səhvlərə yol vermək bağışlanmazdı. Bundan nəticə çıxarmalıyıq.

 

- “Neftçi”nin hazırkı durumu “İnter”in işinə yarayırmı?

- Deməzdim. “Neftçi” I dövrədəki oyunda bizə qarşı fərqli motivasiya ilə çıxmışdı. Halbuki bizimlə oyundan əvvəl “Qəbələ”yə 0:8 hesabı ilə yenilmişdi. Onlar bu oyuna dönüş qarşılaşması kimi baxırlar. İndi asan matç yoxdu. Autsayder də, lider də 90 dəqiqədə sona qədər mübarizə aparır.

 

- “Neftçi” 5 legioneri əvəzedici komandaya göndərdi, Tiranı komandadan qovdu...

- Bundan xəbərim yoxdu. Vacib olan öz oyunumuzdu. İlk üçlükdə olmaq istəyiriksə, diqqətli olmalıyıq.

 

- Klub rəhbərliyində baş verən dəyişikliklər futbolçulara təsir edəcəkmi?

- İstəməzdik ki, Rəşad müəllim komandadan ayrılsın. Onunla söhbətimizdə bildirdi ki, hər zaman yanınızda olacam, stadiona gəlib, dəstəyimi nümayiş etdirəcəm.

0