Topaz Premyer Liqasının bu gün keçiriləcək “İnter” – “Sumqayıt” oyununu idarə edəcək Orxan Məmmədov FİFA referisi adına yiyələndikdən sonra ilk rəsmi matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısında 8 qarşılaşmada fit çalan ədalət təmsilçisi hər iki komanda ilə əvvəlki oyunlarda da üz-üzə gəlib.
Məmmədov həm “İnter”, həm də “Sumqayıt”ın 2 matçında bu funksiyanı yerinə yetirib. O, bu komandaların ikinci dövrədəki görüşünü idarə edib, qolsuz heç-heçə ilə ifadə olunan sensasiyanı qeydə alıb.
“İnter” Məmmədovun idarəçiliyi ilə digər matçda da xal itirib. Bakılılar “Simurq”la qarşılaşmada 1 xalla kifayətləniblər – 1:1. “Sumqayıt” isə bu referi ilə hər iki matçında sensasiyanın müəllifi olub. İlk dövrənin oyununda sumqayıtlılar səfərdə “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib. Həmin matçda meydan sahiblərinə qırmızı vərəqə verib, penalti ilə cəzalandırıb.
Qeyd edək ki, Məmmədovun fit çaldığı matçlarda meydan sahibləri 1, qonaqlar 5 qələbə qazanıb, 2 qarşılaşmada qalib müəyyənləşməyib.