“Topaz Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən idman direktorlarının təyin olunması ilə bağlı qərar İcraiyyə Komitəsinin (İK) 18 dekabr 2013-cü il tarixli iclasında qəbul olunub. Bu günə qədər qərar, belə demək mümkünsə, 70 faiz icra olunub. Başqa sözlə, Premyer Liqa klublarının 7-də AFFA-nın təyin etdiyi idman direktorları fəaliyyət göstərir”. Bunu apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
Nərimanoğlu “İnter”in idman direktoru postunda baş verən qalmaqalla bağlı assosiasiyanın mövqeyini açıqlayıb. O bildirib ki, almaniyalı Torsten Şpittler “İnter”in prezidenti Georgi Nikolovun razılığı ilə bu kluba idman direktoru təyin olunubmuş: “Digər klublarla yanaşı, “İnter” rəhbərliyi ilə də bu mövzuda söhbət olub. Georgi Nikolov AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernhard Lippertlə əlaqə saxlayaraq, idman direktoru ilə bağlı ətraflı müzakirə aparıb. Bundan əlavə, Nikolov baş katib və texniki direktora zəng edərək “İnter” klubuna məhz almaniyalı idman direktorunun təyin olunmasını xahiş edib. Torsten Şpittlerin təhsili, təcrübəsi və futbol biliyi nəzərə alınaraq “İnter”ə idman direktoru təyin olunub və onun təqdimatında Lippert də iştirak edib. Nikolov həmin görüşdə yeni idman direktoru ilə görüşərək hər cür şərait yaradılacağına, onun fəaliyyəti ilə bağlı klubun uşaq məşqçilərinə müvafiq göstəriş verəcəyinə söz verib”.
Ancaq tezliklə almaniyalı mütəxəssis “İnter”dən qaçmalı olub. Nərimanoğlunun bunun səbəbini “İnter”in sabiq baş məşqçisi Valentin Xodukinlə yola getməməsi ilə əlaqələndirib: “Lakin qısa müddətdən sonra “İnter”in Uşaq və Gənclərin İnkişafı Layihəsinin rəhbəri Valentin Xodukin Şpittlerin fəaliyyətinə maneçilik törətməyə başlayıb. Bununla bağlı baş katib Nikolovla danışıb. Məlum olub ki, məsələ ilə bağlı klubda Nikolova yanlış məlumatlar verilir. Bununla belə, Nikolov Xodukinin Şpittlerə yaratdığı maneələrin qarşısını ala bilməyib və AFFA qərara alıb ki, almaniyalı mütəxəssis fəaliyyətini “Bakı” klubunda davam etdirsin. Çünki AFFA onun kimi təcrübəli mütəxəssisin ölkəmizdə çalışmasının səmərəli olacağına inanır. Şpittler hazırda “Bakı”da idman direktoru kimi yeni sistemin tətbiqinə başlayıb və uğurla çalışır”.
AFFA rəsmisi həmçinin onu da bildirib ki, “İnter”in bu hərəkəti növbəti İK-nın iclasında müzakirə olunacaq: “Təbii ki, “İnter”də baş verənlər İK-nın hesabatında öz əksini tapacaq. Hazırda AFFA tərəfindən “İnter”ə idman direktoru təyin olunmaq üçün digər mütəxəssisin axtarışı davam edir. Məlum olduğu kimi, idman direktorlarının bütün xərcləri AFFA tərəfindən ödənilir. Bununla yanaşı, müvafiq qərara uyğun olaraq uğurlu layihə tətbiq edən klublara AFFA maliyyə yardımı da göstərəcək. Maraqlıdır ki, futbola həm də biznes layihə kimi yanaşmağın vacib olduğu bir dövrdə “İnter” klubu faydalı bir prosesi ləngidir. İK-nın qəbul etdiyi hər hansı qərarın icrasının qarşısını heç bir klub ala bilməz. Hazırda digər klublarda yeni idman direktorları uğurla fəaliyyət göstərir və klubların rəhbərliyi AFFA ilə mütəmadi əlaqə saxlayaraq bununla bağlı razılığını bildirir”.