“İnter”in zədəli futbolçularının yaşıl meydançalara dönüşü yubanır. Apasport.az saytının məlumatına görə, zədə ucbatından mövsümü qapayan Rauf Əliyevlə yanaşı, müdafiəçilər Laşa Kasradze və İvan Benites də komandadan ayrı qalıblar.
Mövsümün əvvəlindən zədədən əziyyət çəkən Benites İspaniyada əməliyyat olunduqdan sonra hələ də ölkəsində istirahət edir. Yaxın vaxtlarda həkimlər növbəti dəfə onu müayinədən keçirib, dəqiq diaqnoz qoyacaqlar. Klubdan saytımıza verilən məlumata əsasən, Benites qış fasiləsinə qədər futbol oynaya bilməyəcək.
Sonuncu dəfə Topaz Premyer Liqasının IV turunda “Qəbələ” ilə qarşılaşmada meydançaya çıxan Laşa Kasradze isə vətəni Gürcüstanda bərpa prosesi keçirdi. Artıq Azərbaycana qayıdan Kasradze yaxın günlərdə yüngül məşqlərə başlayacaq. Onun iki həftə sonra kollektivə qoşulması və ən tezi dekabrda hazır olması gözlənilir. Lakin Benites kimi, Kasradzenin də qış fasiləsinə qədər oynamama ehtimalı böyükdü.