“Biz “İnter”ə sponsorluq etməkdə hələ də maraqlıyıq. Hazırda bu məsələ ilə bağlı klubdan cavab gözləyirik”. Bunu apasport.az saytına bir müddət əvvəl redaksiyamızla əlaqə saxlayaraq, adını açıqlamaq istəmədiyi şirkətin “İnter”ə sponsorluq etmək istədiyini bildirən Səbuhi Mustafayev deyib.
Şirkət rəsmisi bildirib ki, “İnter”in prezidenti Georgi Nikolovla heç cür əlaqə saxlaya bilmirlər: “O vaxt sizinlə danışdıqdan sonra zəng vurdum, klub prezidenti Georgi Nikolov cavab vermədi. Sonra klub rəsmilərindən biri ilə telefonla danışdım. O mənə dedi ki, Beynəlxalq Bank klubun öhdəliklərini üzərinə götürüb. Bu məsələ tam aydınlaşmasa da, həmin bankın klubdan imtina etmədiyini bildirdi. Telefon nömrəmi verdim ki, əgər klub nə zaman əməkdaşlığa razı olsa, biz buna hazırıq”.
Mustafayev “İnter”ə sponsorluqda həvəs göstərmələrini bu komandanın Avropa Liqasında 2 mərhələ keçməsi və “Atletik”lə başabaş mübarizə aparması ilə əlaqələndirib: “İnter”in belə ağır vəziyyətdə Avrokubokda gözəl çıxışı bizim də diqqətimizi çəkdi. Bu komandaya kömək əlini uzatmaq qərarına gəldik. İstəməzdik ki, belə bir komanda uğursuzluğa düçar olsun. Çünki “İnter”də artıq oturuşmuş bir sistem var. “İnter”in Avrokubokdakı çıxışı bizi belə bir təklifə vadar etdi”.
Şirkət rəsmisi onu da əlavə edib ki, onlar yalnız “İnter”lə əməkdaşlıq etmək istəyindədilər: “Bizim biznesimiz Rusiyadadı. Şirkətin sahibi də orda yaşayır. Mən özüm Bakıda tikinti işi ilə məşğulam. Bizim başqa kluba sponsor olmaq fikrimiz yoxdu. Çünki yaxşı klubların hamısının güclü sponsoru var. Biz də “İnter”in yaxşı klublar arasında qalması üçün yalnız bu komanda ilə əməkdaşlıqda maraqlıyıq. Hətta baş sponsor yox, ikinci sponsor olmağa da razıyıq”.
Ruslan SADIQOV