[b]“Kayserispor” rəsmisi: Kamran Ağayev tibbi müayinədən uğurla keçərsə...[/b]
02.02.2015 - 12:13
[b]“Kayserispor” rəsmisi: Kamran Ağayev tibbi müayinədən uğurla keçərsə...[/b]

“Kamran Ağayev hazırda klubun bazasındadı. Əvvəl tibbi müayinədən keçməlidi”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kayserispor” klubunun mətbuat xidmətinin rəhbəri Nazlı Uluhan deyib.

 

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. “Qəbələ” ilə müqaviləsi ləğv olunan 29 yaşlı qolkiper PTT I Liqa təmsilçisi “Kayserispor”la razılığa gəlib.

 

Qış fasiləsində Hakan Arslanla yolları ayırıb, əvəzində Sərdar Kulbilgəni transfer edən Kayseri təmsilçisi bununla kifayətlənməyərək, Kamran Ağayevi də heyətinə qatıb. Uluhanın sözlərinə görə, tərəflər arasında bu gün rəsmi sözləşmə imzalanacaq: “Tibbi müayinədən uğurla keçdikdən sonra gün ərzində Kamranla müqavilə bağlanılacaq. Sözləşmənin müddəti 6 aylıq olacaq. Yəni Kamran Ağayev mövsümün sonuna qədər “Kayserispor”un formasını geyinəcək”.

 

Ağayev PTT I Liqanın digər təmsilçisi “Adana Dəmirspor”la da danışıq aparırdı. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiklərindən, o, “Kayserispor”a keçməyi üstün tutub.

 

Qeyd edək ki, vaxtilə Rəşad Sadıqovun da formasını geyindiyi “Kayserispor” PTT I Liqada 18 turdan sonra 37 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

 

Tengiz