“Kəpəz” Azərbaycan Premyer Liqasındakı uğursuz seriyalara son qoyub. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında ardıcıl 7 məğlubiyyət alan qərblilər 126 gündən sonra həm xal, həm qələbə qazanıb.
XVIII turun “Səbail”lə qarşılaşmasında 2:1 hesablı qələbə qazanan Yunis Hüseynovun yetirmələri sonuncu dəfə oktyabrın 28-də “İnter”lə səfər matçında sevinmişdi – 2:0.
“Səbail”lə görüşədək cari mövsümdə bütün xallarını səfərdə qazanan “Kəpəz” evdə ardıcıl 7 məğlubiyyətdən sonra xal görüb. Gəncə təmsilçisi doğma azarkeşlər önündə son xalını və qələbəsini 308 gün öncə, ötən il aprelin 29-da qazanmışdı. Həmin gün “Kəpəz” “İnter”i 1:0 hesabı ilə yenmişdi.
Qeyd edək ki, “Səbail”lə matç Yunis Hüseynovun baş məşqçiliyi altında qazanılan ilk çempionat xalı ilə əlamətdardı. Mütəxəssisi sevindirən bu matç onun karyerasında baş məşqçi kimi ümumilikdə yubiley - 250-ci oyundu.