[b]“Klublarımızı aşağılamaq istəmirəm, amma...” – Mahmud Qurbanov[/b]
27.11.2017 - 13:32
[b]“Klublarımızı aşağılamaq istəmirəm, amma...” – Mahmud Qurbanov[/b]

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Sabiq komandanızKəpəzPremyer Liqanın XIII turundaQəbələ”yə böyük hesabla (1:6) uduzdu. Bu hesab sizin üçün sürpriz olmadı?

- Düzü, gözlənilməz oldu. Amma nəzərə alaq ki, komandada baş məşqçi dəyişikliyi edildi. Üstəlik, turnir cədvəlinin son pilləsində qərarlaşan klub üçün toparlanmaq çətindi. Məğlubiyyəti, bəlkə də, gözləyərdim, lakin bu hesabla yox.

 

- Adətən baş məşqçi dəyişikliyi 1-2 oyunluq da olsa, müsbət təsirini göstərir. Ancaq bu dəfə əksinə oldu. Sizcə, səbəb nə idi?

- Baxır vəziyyətə. Dəyişiklik bəzən müsbət, bəzən də mənfi təsir edir. Yəqin ki, baş məşqçi dəyişikliyi hesabın belə olmasına təsir etdi. Yunis Hüseynov komandanı yeni götürüb. İndi ondan nəsə tələb etmək də düzgün olmaz. Düşünürəm ki, Yunis Hüseynov “Kəpəz”i bu durumdan xilas edəcək, ayağa qaldıra biləcək.

 

- Sanki “Kəpəz”in futbolçuları da oynamaq istəmirdilər...

- Düzü, oyuna baxa bilməmişəm. Futbolçuların niyə belə oynadıqlarını özlərindən soruşmaq olar. Onların nəyə görə belə çıxış etdiyini bilmək üçün gərək komandanın içində olasan. Kənardan danışmaq çox asandı. Min cür versiya irəli sürmək olar. Dəqiq səbəbini klubun içində olanlar bilər.

 

- Bir gəncəli kimi, “Kəpəz”in hazırkı durumu sizi nə dərəcədə narahat edir?

- Əlbəttə ki, komandanın uğursuz çıxışı, turnir cədvəlində sonuncu pillədə qərarlaşması bütün gəncəli futbolsevərlər kimi, mənə də pis təsir edir. Ümid edirəm ki, yeni nəfəs komandanı bu durumdan çıxaracaq.

 

- “Neftçi” - “Keşlə” (3:1) matçından sonra isə qonaq komandanın baş məşqçisi Ramiz Məmmədov üstüörtülü futbolçuların qəsdən zəif oynadıqlarına işarə vurub. Futbolumuzda bu kimi halların artması nədən xəbər verir?

- “Keşlə”də də baş məşqçi dəyişikliyi olub. Bu klubda nəyin baş verdiyini demək çətindi. Uşaqlar orda nəyə görə oynayırlar, problem nədi, bunu klub rəsmiləri və baş məşqçi bilər. “İnter”i həmişə iddialı komanda kimi görmüşük. Ancaq bu il çox zəif çıxış edirlər. Yəqin nəsə var. Belə uğursuz nəticələrdə transfer qadağasının da rolu ola bilər. Lazım olan mövqelərə oyunçu cəlb edə bilmədilər. Bəlkə hansısa başqa səbəblər də var.

 

- “Neftçi” ilə ilkin razılıq əldə edən Nizami Hacıyev matçı aşağı səviyyədə keçirdi. Ola bilərmi ki, futbolçu gələcək komandasına qarşı gücünü ortaya qoymaq istəməyib?

- Futbolçular müqavilə müddətinin sonuna qədər peşəkar borclarını yerinə yetirməlidilər. Nizaminin “Neftçi”yə keçib-keçməyəcəyini bilmirəm. Amma keçsə belə, “Keşlə”yə olan borcunu komandada sona qədər qalıb oynamaqla qaytarır.

 

- Geridə qalan turda “Qarabağ” ən yaxın izləyicilərindən olan “Zirə”yə səfərdə qalib gəldi. Belə demək olarmı ki, Ağdam klubu çempionatda rəqibsizdi?

- Əlbəttə ki, belədi. Mən klublarımızı aşağılamaq istəmirəm. Amma “Qarabağ” həm heyətinə, həm oyununa, həm də nəticələrinə görə, digərlərindən güclüdü. “Qəbələ” və “Zirə” bir az müqavimət göstərirlər. “Qəbələ”ni siyahıdan silmək olmaz. Onlar neçə ildi çempionluq uğrunda mübarizə aparırlar. Hesab edirəm ki, bu gün “Qarabağ”a ən çox “Qəbələ” müqavimət göstərə bilər.

0