[b]“Lənkəran stadionu su altında qalıb” - Höccət Hacıyev[/b]
30.10.2015 - 13:00
[b]“Lənkəran stadionu su altında qalıb” - Höccət Hacıyev[/b]

“Lənkəranda bir həftədi intensiv yağışlar yağır. Bunun nəticəsində Lənkəran çayı daşıb və stadionu su basıb”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev deyib.

 

Lənkəranda bir neçə gündü yağan aramsız yağışlar çayın daşmasına səbəb olub və bunun nəticəsində ətrafı sel basıb. Hacıyev bildirib ki, çayın yaxınlığında yerləşən Lənkəran stadionu da suyun altında qalıb: “Su hər tərəfdən stadiona daxil olub. Demək olar ki, stadionun 30-40 faizi hazırda su altında qalıb. Ot örtüyündən tutmuş, bütün inzibati ərazini su basıb. Biz də tədbirlər görürük, müəyyən sədlər qururuq. Su artıq ofisə girmək üzrədi”.

 

İcraçı direktor “Xəzər Lənkəran”ın növbəti ev matçını doğma məkanda keçirməmək təhlükəsi olduğunu da vurğulayıb: “Çay öz məcrasından çıxaraq, 6 metr qalxıb. Yağışın yağması çayın daha da qalxmasına səbəb olur. Selin dayanmasını gözləyirik. Yağış dayandıqdan sonra stadionda suyu çəkmək mümkün olacaq. Yalnız ondan sonra arenanın nə vaxta qədər hazır olacağını söyləmək olar”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın növbəti ev oyunu Topaz Premyer Liqasının XII turu çərçivəsində noyabrın 8-də “Qarabağ”a qarşı olacaq.

0