[b]“Mançester Yunayted” “Qalatasaray”ın ulduzuna rəsmi təklif hazırlayır[/b]
08.04.2014 - 06:15
[b]“Mançester Yunayted” “Qalatasaray”ın ulduzuna rəsmi təklif hazırlayır[/b]

 

“Qalatasaray”da qalıb-qalmayacağı qaranlıq olan Uesli Sneyder üçün İngiltərədən təklif gəlir. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” hollandiyalı ulduzu sıralarına qatmağa hazırlaşır.

 

Mövsümün ortasında Xuan Mattanı “Çelsi”dən transfer edən Devid Moyes daha bir yaradıcı futbolçu istəyir. Artıq “MY” rəsmilərinin Sneyderlə bağlı “Qalatasaray” rəhbərliyi ilə görüşdüyü iddia edilir. “Qalatasaray” və “Fənərbaxça” derbisində iştirak edən ingilis nümayəndələr həm Caner Erkin, həm də Sneyderin oyununa baxıblar və hollandiyalı ulduzun yaxşı formada olduğunu bildiriblər.

 

“Qalatasaray”ın idman direktoru Bülent Tulun Sneyderin transferi barədə danışaraq bildirib ki, mövsümün əvvəlində onun satılması ilə bağlı təklif alsalar da, bu təklifi rədd ediblər. İngilis mətbuatı yazır ki, Tulun indi belə bir transferin baş tuta biləcəyinə işarə edib. Klub başqanı Ünal Aysal da belə bir transferin mümkünlüyünü dilə gətirib: “15 milyon avro bonsevriv gətirən klubla Sneyderin transferi barədə danışa bilərəm”.

 

Qeyd edək ki, Sneyder özü bundan əvvəl “Mançester Yunayted” də daxil olmaqla bir neçə klubdan ona təklif gəldiyini bildirmişdi: “Amma həm mən, həm də klubum bu təklifləri rədd etmişdik. Bura mənim evimdir və ayrılmağı düşünmürəm”.