[b]“Milinko Pantiçlə aramızda mübahisənin olması doğrudur”[/b]
06.04.2014 - 23:07
[b]“Milinko Pantiçlə aramızda mübahisənin olması doğrudur”[/b]

“Oyundan sonra Milinko Pantiçlə aramızda mübahisənin olması doğrudur. Şəxsən, mənim üçün problem yoxdur. Çünki mən haqlı idim”. Bunu apasport.az saytına “Neftçi”nin hücumçusu Ernest Nfor deyib.


Topaz Premyer Liqasının XXIX turunun “Neftçi” – “Bakı” oyunu başa çatdıqdan sonra meydan sahiblərinin kamerunlu futbolçusu Nforla qonaqların serbiyalı çalışdırıcısı Milinko Pantiç arasında mübahisə düşüb. Hər 2 tərəf hakimliyin əks tərəfə münasibətdə haqsız olduğunu bildirməyə çalışıb. 


Nfor ona qarşı son dəqiqələrdə edilən hərəkətə görə rəqib futbolçunun qovulmalı olduğunu, ancaq Əliyar Ağayevin fitinin susduğunu bildirib: “Televiziyaya baxanda görünəcək ki, mənə qarşı qayda pozuntusu vardı. Rəqib futbolçu məni dirsəyi ilə vurdu. O, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmalı idi. Ancaq hakim oyunu dayandırmadı. Halbuki, baş hakim həmin epizodda bizim 1 metrliyimizdə idi. Hakimin bu qərara göz yummasına çox məyus oldum”.

Qeyd edək ki, “Neftçi” – “Bakı” oyununda yeganə qolu məhz Ernest Nfor vurub. O, görüşün 80-ci dəqiqəsində fərqlənib.

Səbuhi TOFİQOĞLU