[b]“Neftçi” – “Pünik” matçının hakimi: Oteldə əsl qırğın idi[/b]
21.09.2015 - 17:03
[b]“Neftçi” – “Pünik” matçının hakimi: Oteldə əsl qırğın idi[/b]

“Atama SSRİ dönəmində çətin oyunlar həvalə ediblər. “Ararat” – “Neftçi”, “Dinamo” (Tbilisi) – “Ararat” kimi matçlarda hakimlik edib”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri keçmiş hakim Yuri Baskakov deyib.

 

Atası Valeri Baskakov kimi, futbol meydanlarında hakimlik etmiş Y. Baskakov ölkəsinin mətbuatına geniş müsahibə verib. O, söhbət əsnasında 2005-ci ildə Birlik Kuboku turnirində idarə etdiyi “Neftçi” (Azərbaycan) – “Pünik” (Ermənistan) matçını (2:0) da yada salıb: “Atam kimi mən də azərbaycanlılarla ermənilər arasında keçirilən oyunda hakimlik etmişəm. Keçmiş postsovet ittifaqında bir dəfə qarşılaşıblar ki, həmin matç da mənə həvalə olunub. Yadımdadı, “Neftçi” və “Pünik” komandaları Birlik Kubokunun ¼ final mərhələsində üz-üzə gəldilər. Növbəti il tarix təkrarlansa da, ermənilər bu dəfə oyuna çıxmaqdan imtina etdilər”.

 

Baskakov qeyd edib ki, “Neftçi”nin qələbə qazandığı həmin görüşdən sonra mehmanxanada kütləvi dava düşüb: “Həmin matçdan sonra erməni futbolçulardan biri yan xətt hakiminə yaxınlaşıb, nəsə söyüş söydü. Bundan başqa meydanda heç nə olmadı. Oyundan sonra “Kosmos” otelinə gəldik, orda isə əsl qırğının şahidi olduq. Futbolçular, məşqçilər, massajistlər, fizioterapevtlər, bir sözlə hamı bir-birinə girmişdi. Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) gəlib, aranı sakitləşdirdi”.

 

Qeyd edək ki, həmin il “Neftçi” Birlik Kubokunda finala qədər irəliləsə də, həlledici görüşdə Moskva “Lokomotiv”inə məğlub olmuşdu (1:2).