“Neftçi” avrokuboklarda ardıcıl 8-ci ev oyununda qalib gələ bilməyib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubu ilə görüşdə 0:0 hesablı bərabərliklə kifayətlənən bakılılar bununla, yeni antirekorda imza atıblar.
2012-ci ildə Gürcüstanın “Zestafoni” klubunu 3:0 hesabı ilə məğlub edən “ağ-qaralar” 2 ildi öz meydanında qələbə qazana bilmir. Bu müddətdə “Hapoel” (Kiryat-Şmona, İsrail), APOEL (Kipr), “İnter” (İtaliya), “Rubin” (Rusiya), “Partizan” (Serbiya), “Skenderbeu” (Albaniya) və “Koper” (Sloveniya) də “Çixura” kimi paytaxtı məğlubiyyətsiz tərk etmişdi.
Bu qarşılaşmayadək antirekordun 3 sahibi var idi. Çünki “Qarabağ” və “Xəzər Lənkəran” da ardıcıl 7 ev oyununda qalib gələ bilməmişdi. Mövsümün startında onlardan geri qalan “Neftçi” sloveniyalıları uda bilməməklə antirekorda şərik olmuşdu. Son oyunda isə Böyükağa Hacıyevin yetirmələri bu iki klubu da arxada qoydu.
Qeyd edək ki, həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” ilk ev qələbəsinin həsrətini 7 oyun gözləyib. Ağdamlılar 2009-cu ildə “Rusenborq”u (Norveç) udanadək “MüPA” (Finlandiya), “Yablonets” (Çexiya), “Kopenhagen” (Danimarka), “Makkabi” (Hayfa, İsrail), “Monpelye” (Fransa), “Dukla” (Slovakiya) və “Zimbru” (Moldova) ilə oyunlarda doğma azarkeşlər önündə qələbəsiz qalmışdı. 2013-cü ildə “Slima”nı (Malta) yenən cənublular bundan əvvəl “Nistru” (Moldova), “Dinamo” (Xorvatiya), “Lex” (Polşa), “Olimpiya” (Moldova), “Makkabi” (Təl-Əviv, İsrail), “Nomme Kalyu” (Estoniya) və yenidən “Lex”i (Polşa) uda bilməmişdi.