[b]“Neftçi” Nforu yola saldı, yeni futbolçu gətirir[/b]
19.08.2015 - 13:44
[b]“Neftçi” Nforu yola saldı, yeni futbolçu gətirir[/b]

“Neftçi” kamerunlu futbolçusu Ernest Nforla münasibətlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 2 ay davam edən danışıqlardan sonra müqaviləyə qarşılıqlı anlaşma əsasında xitam verib.

 

Kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən, Nfor 2016-cı ilə qədər “Neftçi”də çıxış etməli idi. Ötən mövsüm 19 oyunda meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər iyulun 17-də, Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı.

 

Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin “Neftçi” üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirmişdi. Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələnib.

 

Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Mpenza probleminin yaşanmasının qarşısını alıb. Əks halda, “Neftçi” növbəti dəfə FİFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.

 

Futbolçu ilə bağlanmış müqavilə əvvəllər açıqlandığı kimi 2015-ci ilədək deyil, 2016-cı ilədək qüvvədə idi. Bu müddətdə gedən proses barədə ictimaiyyətə hər hansı məlumatın verilməsi danışıqların uğursuz nəticələnməsinə səbəb ola bilərdi.

 

Ernestlə bağlanmış müqaviləyə əlverişli şərtlər əsasında xitam verilməsi “Neftçi”nin transfer siyasətində növbəti addımların atılması üçün şərait yaradıb. Belə ki, klub yaxın günlərdə azarkeşlərini yeni transfer xəbəri ilə sevindirəcək.

 

Mənbə: neftchipfk.com