“Klubda prezidentin müşaviri vəzifəsini icra edirəm. Yəni, mənə hansısa qadağanı klub prezidenti verə bilər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun prezidentinin müşaviri Elnur Əşrəfoğlu deyib.
Paytaxt təmsilçisinin vitse-prezidenti Elnur Məmmədov dünən Qəbələdə eyniadlı komanda üzərində qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində “Simurq"la oyundan sonra Elnur Əşrəfoğlu ilə Xaqani Məmmədov arasında yaşanan mübahisədə siz ona qarşı çıxmışdız və bundan sonra Əşrəfoğlu arxa plana keçdi. Bu qərarı siz vermisiz” sualını cavablandırmaqdan imtina etmişdi: “Mən sizin bütün suallara cavab verdim və ixtiyarım var ki, bu suala cavab verməyim...”
Məmmədli bu suala cavab verməkdən yayınsa da, Əşrəfoğlu "komanda.az" saytına açıqlamasında vitse-prezidentin ona qadağa qoymaq səlahiyyətində olmadığını deyib: “Kimsə danışmamaqla, susmaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmasın. Bu gün Elnur Əşrəfoğlu da "Neftçi" ailəsinin bir üzvüdü. Və ailədən biriylə bağlı hansısa sual və ya məsələ ortaya çıxarsa, çalışmaq lazımdı ki, onu yaxşılığa doğru həll edəsən. Şəxsən mənə belə öyrədiblər. Mən müstəqil Azərbaycanın ilk futbol çempionatı keçiriləndən bu işin içindəyəm. Heç vaxt da arxa planda olmamışam. Rövnəq Abdullayevə və doğma klubuma sədaqətlə qulluq edirəm. Həmişə də belə olacaq! Biz "Neftçi" məğlub olanda gizlənmirik, sözümüzü deyirik və komandanı hər zaman müdafiə edirik. Qələbələrin şəriki çox olur”.