UEFA Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək püşkatması öncəsi komandaları qruplara bölüb. Apasport.az saytının məlumatına görə, səpələnmiş və səpələnməmişlərə bölünən klublar 6 hissəyə qruplaşdırılıb.
Azərbaycan təmsilçilərinin də potensial rəqiblərinin sayı azalıb. Belə ki, 6-cı qrupda həm səpələnmiş, həm də səpələnməmişlərin hərəsindən 6 komanda yer alıbsa, digər qruplarda bu rəqəm 5-dir.
Azərbaycan çempionu “Qarabağ” bölgüdə 3-cü qrupa düşüb. Təmsilçimizin potensial rəqibləri Xorvatiya “Dinamo”su, Hollandiya “Tvente”si, Yunanıstan PAOK-u, Avstriya “Rapid”i və Türkiyə “Trabzonspor”udur.
Ölkə kubokunun qalibi “Neftçi”nin 5-ci qrupdakı potensial rəqibləri də kifayət qədər güclü rəqiblərdir. Bunlar Ukrayna “Metallist”i, Serbiya “Partizan”ı, Fransa “Sent-Etyen”i, Portuqaliya “Rio Ave”si və Hollandiya PSV-sidir.