[b]“Neftçi” uduzsa, görün, hakimliklə bağlı necə həngamə qopacaq”[/b]
18.02.2015 - 14:38
[b]“Neftçi” uduzsa, görün, hakimliklə bağlı necə həngamə qopacaq”[/b]

Topaz Premyer Liqasının XXIII turunun mərkəzi qarşılaşması “Neftçi” və “Qarabağ” arasında keçiriləcək. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

 

“Neftçi” rəhbərliyi iki tur öncə “Simurq”la keçirilən matçdan sonra Ağayevin idarəçiliyindən narazı qalmışdı. Bundan əlavə, bəziləri tərəfindən Əliyarın dini təriqət baxımından “Qarabağ”ın futbolçularına yaxın olduğu iddia edilir. Maraqlıdı, belə bir məqamda Ağayevin əzəli rəqiblərin görüşünə təyinat alması “Neftçi” tərəfinin narazılığına yol aça bilərmi?

 

Apasport.az saytı bununla bağlı futbol mütəxəssisləri və mətbuat nümayəndələrinin münasibətini öyrənib.

 

Aslan Kərimov (“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu): “Turnir cədvəlini nəzərə alsaq, “Qarabağ” “Neftçi”dən üstün görünə bilər. Amma elə deyil. Bu komandaların oyunları həmişə gərgin keçib. Bu dəfə də elə olacaq. Yenə hər iki komandanın üzvləri bütün diqqətlərini oyuna yönəldəcəklər. İki yerli məşqçi çalışdırdığı komandalar üz-üzə gələcək. Qurban Qurbanov və Arif Əsədov bir-birlərini yaxşı tanıyırlar. Şübhəsiz ki, hər iki komandanın üstün və zəif tərəfləri var. Digərinin zəif cəhətindən maksimum istifadə edən tərəf oyundan qalib ayrılacaq.

 

Keçək Əliyar Ağayev məsələsinə. Birincisi, onun dini təriqət baxımından “Qarabağ”a yaxın olduğunu düşünmək gülüncdü. Hətta deyərdim ki, absurddu. “Neftçi”də də sünni təriqətinin üzvü olan 4-5 nəfər tanıyıram. Yəni, bunun heç bir dəxli yoxdu. Qaldı ki, “Simurq”la oyuna hər hakim səhv edə bilər. İnanmıram ki, Əliyar həmin görüşdə düşünülmüş addım atıb. Ağayev təcrübəli hakimdi, məncə, bu dəfə də derbinin öhdəsindən gələcək. Komandalar hakim günahından uduzmayacaqlar. Uduzan tərəf öz günahından uduzacaq”.

 

Nadir Qasımov (məşqçi): “Maraqlı oyun olacaq. “Neftçi” “Qarabağ”a yaxınlaşmaq istəyəcək. “Qarabağ” isə buna imkan verməməyə çalışacaq. Çox gərgin oyun olacaq. Hakimliyə gəlincə, xarici futbola hamımız baxırıq. Orda da səhvlər olur. Xaricilər bizimkilərdən də qəddar səhvlər buraxırlar. Məncə, Əliyar Ağayev səhv etməyəcək, oyunun öhdəsindən gələ biləcək. İlk dəfə deyil ki, belə derbiyə təyinat alır. Onun hakimliyindən xoşum gəlir. Qərəzsizdi, səhv etsə də, qərəzli etmir. Premyer Liqada ən yaxşı hakimlərdən biri məhz Əliyardı”.

 

Elnur Məmmədli (“İdman Azərbaycan” telekanalının əməkdaşı): “Son oyunları götürsək, belə düşünürəm ki, “Qarabağ” bu oyunun favoritidi. Ağdam klubu qış fasiləsindən sonra yaxşı təsir bağışlayan “Simurq”u məğlub etdi. Bundan əvvəl isə AZAL üzərində qələbə qazandı. Bu, komandanın hazırda yaxşı formada olduğunu göstərir. Düzdü, “Neftçi” də ardıcıl iki qələbə qazanıb. Amma onların qalib gəldikləri “Xəzər Lənkəran” və “Qəbələ”nin indi hansı formada olması hamıya yaxşı aydındı. “Neftçi”nin düşərgəsindən də hər dəfə maraqlı xəbərlər gəlir. Klubun yeni vitse-prezidenti artıq oyunların fasiləsində paltardəyişmə otağına baş çəkməyə də imkan tapır. Düzdü, bu, bir dəfə öz müsbət təsirini göstərib. Amma inanmıram ki, həmişə bunun xeyri dəyəcək. Arif Əsədov da fasilədə paltardəyişmə otağının ağası olduğunu bir gün sübut etməyə çalışacaq.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 47-ci maddəsində deyilir: Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardı. Odu ki, mən bu cür məsələlərin mətbuata gətirilməsinin əleyhinəyəm. Biz başda Əliyar Ağayev olmaqla, istənilən hakimə onun meydandakı fəaliyyətinə görə qiymət verə bilərik, digər məsələlərə görə yox. O ki qaldı “Neftçi” - “Simurq“ oyununa, orda heç bir ciddi qayda pozuntusu yox idi. “Neftçi” meydanın mərkəzindəki hər kiçik qayda pozuntusuna görə də etiraz edirdi. Küncdən zərbəyə, topun meydandan kimdən çıxmasına görə belə mübahisə etmək saman çöpündən yapışmağa oxşayır. Bu o demək deyil ki, Əliyar Ağayev, ümumiyyətlə, səhvə yol vermir. O, sabahkı qarşılaşmada da hər iki komandanın xeyrinə də, ziyanına da işləyən səhv edə bilər”.

 

Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): “Buna ciddi önəm verməməyin tərəfdarıyam. Azərbaycanda bu səviyyəli oyunu idarə etməyə bir nömrəli namizəd Əliyar Ağayevdi. Elə söhbətlərə qalsa, Əliyarın atası Sadıq Sadıqovun “Neftçi” İSM-də işçisidi. Mən Ağayevin səhvsiz oyun idarə edəcəyinə əminəm. Dini qruplara bölünməyək. Biz dünyəvi tolerant dövlətin vətəndaşıyıq. “Neftçi”də də dindarlar var. Bu söz-söhbəti ortaya atmaqla bacarıqlı referimizə ləkə vurmaq lazım deyil. Onu təzyiq altına salmaqla, səhvə sürükləmiş olarıq. Həm də “Qarabağ“ın kiminsə köməyinə ehtiyacı yoxdu. Heç “Neftçi”nin də”.

 

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Əliyar Ağayevin hansı təriqətə, hansı məzhəbə qulluq etdiyini bilmirəm. Bildiyim təkcə budu ki, Əliyar ötən mövsüm də "Qarabağ"ın oyunlarına tez-tez təyinat alırdı. Ağdam klubundan bildirmişdilər ki, Əliyarın "Qarabağ"ın oyunlarına təyinat almasını onlar özləri PFL-dən xahiş ediblər. Səbəb də bu olub ki, Əliyar təmiz hakimlik edir. "Qarabağ"ın Ağayevdən razılıq etməsi, "Neftçi"nin narazılıq etməsi normaldı. Anormal olan budu ki, PFL, Hakimlər Komitəsi "Neftçi"nin narazılıq edəcəyini bildiyi halda, niyə bu hakimi onların oyununa göndərir? Təsəvvür edin, "Neftçi" uduzsa, görün hakimliklə bağlı nə həngamə qopacaq. Sən bilə-bilə ki, Ağayevin təyinatı narazılıq yaradacaq, bunu niyə edirsən? Klubları belə "kaprizli", "nazlı" edən isə elə PFL, Hakimlər Komitəsinin özüdü. Mən biləni dünyanın heç yerində klub öz oyununa hakim sifariş etmir”.