[b]Böyükağa Hacıyev: “Neftçi”ni belə görəndə ürəyim ağrıyır[/b]
07.02.2015 - 15:53
[b]Böyükağa Hacıyev: “Neftçi”ni belə görəndə ürəyim ağrıyır[/b]

“Hələ təlim-məşq toplanışının gedişində demişdim ki, Antalyada hazırlıq keçməklə Azərbaycanda qalıb hazırlaşmaq arasında bir fərq görmürəm. Klublar orda da, burda da eyni məşqi edirlər”. Bu sözləri apasport.az saytına Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

O, qış fasiləsi zamanı həmkarlarından fərqli olaraq, ölkə daxilində qalaraq, burda təlim-məşq toplanışı keçən AZAL, “Sumqayıt” və “Bakı”nın hazırlığı ilə maraqlanmışdı. Fasilədən sonra AZAL-ın ardıcıl iki qələbə qazandığını xüsusi vurğulayan təcrübəli mütəxəssis bununla belə, hələ tələsməməyi məsləhət görüb: “Türkiyə və Azərbaycanda toplanış keçmək arasında yeganə fərq yoxlama görüşləridi. Çünki Antalyada güclü sparrinq-rəqiblər tapmaq daha asandı. Düzdü, AZAL və “Sumqayıt” yalnız öz aralarında və I divizion komandaları ilə oynadılar, futbolçuların oyun praktikasını qorudular. Xüsusən də, AZAL-ın fasilədən sonra daha hazırlıqlı olduğunu deməliyəm. Amma bu hələ başlanğıcdı. Əksər komandalar fiziki yükləmədən sonra hələ özünə gəlməyib. Onlara bir az vaxt lazımdı. Təxminən 10-15 gündən sonra bütün komandaların nəyə qadir olduğu üzə çıxacaq”.

 

Qış fasiləsindən sonra öncə AZAL-a məğlub olan “Neftçi” XX turda da öz meydanında “Simurq”la heç-heçə edib. “Neftçi”ni çempion etmiş, Avropa Liqasının qrup mərhələsinə yüksəltmiş Böyükağa Hacıyev sabiq komandasının hazırkı durumundan narahatdı: “Neftçi” sıradan komandalarla oyunlarda xal itirəndə ürəyim ağrıyır. Bu klubun böyük azarkeş ordusu var. Həm azarkeşlər, həm də rəhbərlik onlardan qələbə tələb edir. Qış fasiləsində “Neftçi”də ciddi dəyişiklik də olmadı. “Simurq”la oyunun start heyətində cəmi 1 yeni futbolçu var idi. Qalanları çoxdandı bu komandada çıxış edənlərdi. Amma hamı deyir ki, “Neftçi” əvvəlki oyununu göstərmir. Məncə, problemin nədə olduğunu baş məşqçi Arif Əsədov daha yaxşı bilər və bu məsələni də o ətraflı izah edə bilər”.

 

Ruslan SADIQOV