[b]“Neftçi”nin Əliyar Ağayevdən tələbi: Mən hakimlə bağlı danışanda...[/b]
18.02.2015 - 14:04
[b]“Neftçi”nin Əliyar Ağayevdən tələbi: Mən hakimlə bağlı danışanda...[/b]

“Əliyar Ağayev beynəlxalq dərəcəli hakimdi və Azərbaycanın ən perspektivli referilərindən biridi. Belə oyunu idarə edəcəksə, bütün məsuliyyəti dərk etməlidi”. Bu sözləri apasport.az saytına “Neftçi”də prezidentin müşaviri vəzifəsində çalışan Elnur Əşrəfoğlu deyib.

 

Topaz Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçına Əliyar Ağayevin təyin olunması müxtəlif söz-söhbətlərə yol açıb.

 

3 tur öncə onun “Simurq”la görüşdəki idarəçiliyindən kəskin şəkildə narazılıq bildirən “Neftçi” tərəfi bu dəfə təmiz oyun tələb edir. Əşrəfoğlu FİFA dərəcəli hakimin yenidən onların oyununa təyin olunmasına bu cür münasibət bildirib: “Mən hakimlə bağlı danışanda vəziyyət gərgin olur, 10 oyunluq cəza verirlər. Hakimlər Komitəsi Əliyar Ağayevi bu oyuna təyin edib və biz də bu qərara hörmətlə yanaşırıq. Kimi təyin edirlər-etsinlər, problem yoxdu, oynayacağıq. Biz hər şeyi hakimin vicdanına buraxırıq. Çıxsın, təmiz oyun idarə etsin”.

 

Prezidentin müşaviri bu təyinata heç bir etiraz etməyəcəklərini də əlavə edib: “Biz öncədən heç bir narazılıq bildirmirik ki, niyə filankəsi təyin etdiniz və ya etmədiniz? Əlbəttə, hakimin hər hansı bir səhvi olanda, oyundan sonra qəbul olunmuş yolla öz etirazımızı bildiririk. Şikayətimizi ya video vasitəsilə çatdırırıq, ya da AFFA-ya müraciət edirik”.

 

Rəvan ƏKBƏR