“Matçın ağır keçəcəyini bilirdik. Bu səbəbdən qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Yaxşı oynayıb, layiq olduğumuz qələbəni qazandıq. 3 xal bizə hava-su kimi lazım idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Matiya Şpiçiç deyib.
Bank təmsilçisi Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Neftçi” klubunu qəbul etdi. Matçın qəhrəmanı isə “ağ-qaralar”ı 2 dəfə cəzalandıran Şpiçiç oldu. Xorvatiyalı legioner qarşılaşmadan sonra əməkdaşımızla söhbətində öncə vurduğu qollardan danışıb: “Yaratdığımız təhlükəli vəziyyətlərdən düzgün istifadə etdik. Cinah müdafiəçisi olsam da, hər dəfə meydana çıxanda qol vuracağıma inanıram. Hərdən alınır, hərdən yox. Bu, cari mövsümdə vurduğum ilk qol deyil. Əvvəlki görüşlərdə də fərqlənməyi bacarmışam. Mənim cinah oyunçusu kimi işim, həm də tez-tez hücumlara qoşulmaq idi. Ön xəttə əlimdən gələn köməyi etdim. Belə deyək, bu gün mənim günüm idi”.
Özünü matçın qəhrəmanı hesab etməyən Şpiçiç vurğulayıb ki, onun üçün əsas qol vurmaq yox, mövsümün sonunda komandasının mükafatçılar arasında olmağıdır: “Xeyr, özümü qəhrəman saya bilmərəm. Belə bir iddiam yoxdur. Qələbə bütün komandanın uğurudur. Bu gün məndə alındı, sabah bir başqası dubl edib, 3 xal qazanmağımıza kömək edə bilər. Əsas hər oyunda qələbə qazanmaqdır. Hazırda ikinci pillədəyik. Qarşıda 6 turda ağır oyunlarımız var. Yaxşı hazırlaşmalı və hər bir oyundan maksimum nəticə ilə ayrılmalıyıq. “Neftçi” üzərindəki qələbə komanda yoldaşlarımda inamı daha da artırıb. Gümüş medala sahib çıxıb, Avropa Liqasına yollanacağımıza inanırıq”.
26 yaşlı futbolçunun sözlərinə görə, ikinci yer uğrunda mübarizədə əsas rəqibləri növbəti turda qarşılaşacaqları “Bakı” olacaq: “Avrokuboklara mübarizə son tura qədər davam edəcək. “Bakı” ölkə kubokunda mübarizəni dayandırdığından, ümidini çempionata bağlayıb. Biz elə bu gündən “Neftçi” üzərindəki qələbəni unudub, “Bakı” haqda düşünməliyik. Çünki ikinci yer uğrunda əsas rəqibimiz “Neftçi” ilə yanaşı, həm də “Bakı”dır. Onlar məqsədinə nail olmaq üçün var gücü ilə mübarizə aparacaqlar”.