[b]“Nuru Əliyevin adı gedən bütün yazıların arxivdən silinməsini istəyirlər”[/b]
18.04.2016 - 13:20
[b]“Nuru Əliyevin adı gedən bütün yazıların arxivdən silinməsini istəyirlər”[/b]

 “Rəvan” klubunun “futbolinfo.az” saytına qarşı qaldırdığı iddia ərizəsi əsasında ötən il oktyabrın 12-də start götürən məhkəmə prosesi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, məhkəmə məşvərəti məsləhətləşib yekun qərarı bu gün açıqlayacaq.

 

Beləliklə, 2016-cı il yanvarın 18-dən etibarən Yardımlı rayon məhkəməsində icraata götürülən iş 3 ayın tamam olduğu gün qərarın açıqlanması ilə tam yekunlaşacaq. Ötən 3 ayda məhkəmə bir neçə dəfə təxirə salınıb. Fevralın 3-də ilk proses tərəflərin hər ikisinin, ikincisi saytın istəyi ilə ertələnib. Martın 18-dəki iclasa “Rəvan”ın nümayəndələri gəlməyi lazım bilməyiblər. Aprelin 5-dəki məhkəmə prosesində isə hər iki tərəfi dinləyən hakim İlqam Həsənquliyev faktların yetərli olmamağına qərar vermişdi. Belədə aprelin 15-də yekun iclasın keçirilməsi qərara alınmışdı.

 

“Futbolinfo.az” rəhbərliyi “Rəvan”ı saxtakarlıq etməkdə, məhkəməyə təsdiq olunmayan sənədləri təqdim edərək hakimi aldatmağa cəhd göstərməkdə günahlandırıb. Həmkarlarımız paytaxt klubunun yaranma tarixini, çempionatda oynaması ilə bağlı hansı qanunsuzluqlara əl atdığını fotofaktlarla yayacaqlarını qeyd ediblər.

 

Qarşı tərəfdən 20 min 35 manat təzminat haqqı tələb edən “Rəvan” klubun sahibi Nuru Əliyevin adı gedən bütün yazıların arxivdən silinməsini istəyir. “Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudov bunun üçün paytaxt klubunun əzələ nümayiş etdirdiyini vurğulayıb: “Amma yazılarımızın hamısı fakta, həqiqətə söykəndiyindən özümüzə əminik. Az sonra, yekun qərar açıqlanan kimi bu məhkəmənin gedişində qarşı tərəfi necə ifşa etdiyimizi siz də biləcəksiz. Haqq-ədalətin öz yerini tapacağına ümid edir, şəffaf məhkəmə sistemimizə inanırıq. Bu ölkədə qanunlar alidi və azad mətbuatı boğmaq istəyən hansısa iş adamının imkanlarından altda deyil”.

 

0