Məşhur hakimimiz Tofiq Bəhramovun 90 illik yubileyi tədbiri üçün ölkə xaricindən qonaqlar da Bakıya təşrif buyurmuşdular. Apasport.az saytının məlumatına görə, bunlar Rusiya Hakimlər Komitəsinin sabiq sədri, azərbaycanlı hakimlərin UEFA kuratoru Nikolay Levnikov, belaruslu keçmiş FİFA referisi Vadim Juk və ukraynalı sabiq FİFA hakimi Miroslav Stupardı.
Tofiq Bəhramovun məzarını ziyarət edən, onun xatirəsinə həsr olunan yubiley matçını izləyən qonaqlar xatirələrini apasport.az saytına açıqlamalarında bölüşüblər. Həmin fikirlərlə sizi tanış edirik.
Nikolay Levnikov: “Tofiq Bəhramov bizim nəslin nümayəndələri üçün müəllim idi. O, Sovet futbolu üçün böyük iş görüb. Dünya çempionatına təyinat almış tək-tük hakimlərdən olub. Mundialın final matçında bir qərarla tarix yazdı, o vaxt bütün SSRİ-də ona olan hörmət artdı. Çox sakit insan idi, xasiyyəti heç vaxt dəyişməzdi. Gənc hakimlər onu özlərinə nümunə götürmüşdülər. Peşəkar hakim olmaq üçün futbolla yaşamaq, bu peşənin hər incəliklərini bilmək lazımdı. Tofiq Bəhramov belə bir insan idi”.
Vadim Juk: “Tofiq Bəhramov dünya çempionatının finalını, beynəlxalq dərəcəli oyunları yüksək səviyyədə idarə etmiş hakim olub. O, məşhur hakim olanda biz hələ yeniyetmə idik. İllər sonra onunla qarşılaşmışdıq. Baş hakim olduğum bəzi oyunlara Bəhramov inspektor kimi gəlmişdi. Mənə çox köməyi dəyib. İndi burda olmaq mənim borcumdu”.
Miroslav Stupar: “Tofiq Bəhramov öz dövrünün ən məşhur hakimlərindən biri olub. Onun bir qərarı hələ də müzakirə olunur. 1966-cı ildəki dünya çempionatında məhz onun qərarı ilə final matçının müqəddəratı həll olundu. Bəhramovun həmin qarşılaşmada düzgün qərar verdiyi araşdırma nəticəsində də öz təsdiqini tapıb. Fikir verin, o, iki saniyəlik epizoda qətiyyətlə fikir bildirmişdi. Amma indi hakimlərə kömək üçün texnikalardan istifadə edilir. Son dünya çempionatında da bunun şahidi olduq. Ancaq hesab edirəm ki, futbolda texnikanın yox, hakimin qərarı keçərli olmalıdı”.
Ruslan SADIQOV