[b]“Onlar sanki özlərini gizlətdilər” - MÜSAHİBƏ[/b]
19.09.2016 - 10:27
[b]“Onlar sanki özlərini gizlətdilər” - MÜSAHİBƏ[/b]

Dünya çempionatının qrup mərhələsində sonuncu oyununu İrana qarşı keçirən Azərbaycan yığması 1/8 finala yüksəlib. Asiya çempionu ilə görüşdən (3:3) sonra millimizin futzalçısı Jose Poletto apasport.az saytına müsahibə verib.

 

- Gərgin və tarixi nəticəni qazandıran oyun haqda nə deyə bilərsiz?

- İran millisi güclüdü. Bilirdik ki, oyun ağır keçəcək. Matçın əvvəllərində müdafiədə çoxlu səhvlərə yol verdik. Əvəzində ikinci hissədə toparlandıq. Çoxlu qol epizodu yaratdıq, təəssüf ki, hamısından istifadə edə bilmədik. Realizə etmək baxımından “axsadıq”.

 

- Birinci hissədə bu qədər səhvə yol verməyiniz nədən qaynaqlanırdı?

- Qarşımızdakı rəqib heç də zəif komanda deyildi. Üstəlik, oyunun məsuliyyəti də böyükdü. İkinci yeri tutmaq, nisbətən zəif rəqiblə qarşılaşmaq istəyirdik. Buna görə də üzərimizdə təzyiq var idi. Bir tərəfdə də həyəcanımızı boğa bilmirdik. İran isə daim belə yarışlarda çıxış etdiyindən, soyuqqanlılığını qorumağı bacarırdı. Bu heyətlə 5 ilə yaxındı bir yerdə çıxış edir. Bir-birini gözüyumulu başa düşürdülər.

 

- Fasilədə baş məşqçi nə dedi ki, oyunun axarını dəyişə bildiniz?

- Taktiki dəyişiklik etdi. Rəqibin “dirəyini” bağladıq. Bundan sonra onlar irəli rahat ötürmə verə bilmirdilər. Çətin, səhvlərlə zəngin oyun olsa da, sonluq biz istəyən kimi alındı.

 

- İspaniyaya qarşı matçın ikinci hissəsində zəif çıxış etsəniz də, bu dəfə başlanğıc istənilən kimi alınmadı. Onda yorulduğunuzu demişdiniz, bəs indi nə baş vermişdi?

- Oyunun dəyərini azaltmaq olmaz. İran da asan yola çıxmaq üçün qələbə qazanmaq istəyirdi. Onlar Mərakeşlə matçda sanki özlərini gizlətdilər. Biz isə ispanlara qarşı nəyimiz var idisə, ortaya qoyduq. Yaxşı ki, ikinci hissədə onların toruna düşmədik. Əksinə, şanslarımızdan istifadə etsəydik, qələbə qazana bilərdik.

 

- Növbəti rəqib olan Tailand yığması haqda nə düşünürsüz?

- Rusiyaya qarşı oyunlarını izləmişik. Meydanda çox hərəkət edən komandadı. Artıq asan oyun yoxdu. Baş məşqçiləri də təcrübəli mütəxəssisdi. Üç ildi komandanın “sükanı arxasındadı”. Baxaq, baş məşqçimiz bizə hansı tapşırıqları verəcək. Təbii ki, addım-addım irəli getmək istəyirik. Bunun yolu isə qələbədən keçir.

 

- Şanslar bərabərdi, yoxsa nisbətən xeyrimizədi?

- Oyundan əvvəl hər iki tərəfin qələbə qazanmaq imkanı var. Kim yaxşı hazırlaşsa, oyuna köklənə bilsə, soyuqqanlılığını qorusa, şanslardan maksimum istifadə edə bilsə, o da qələbə qazanacaq. Ümid edirəm ki, qalib komandanın adı Azərbaycan olacaq.

 

0