“Bakı” ilə oyun öncəsi futbolçularımın konsentrasiyanı itirməməkləri vacib idi. Onlar oyuna psixoloji cəhətdən tam hazır olduqlarını ilk dəqiqələrdən göstərdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Bakı” üzərindəki 4:0 hesablı qələbəni şərh edən gürcü çalışdırıcı narazı qaldığı məqamları da açıqlayıb. O, hesabda iki top fərqi ilə önə keçdikdən sonra futbolçuların tez-tez top itirməklərindən gileylənib: “Matça yaxşı başladıq. İlk dəqiqələrdən erkən qollar vurduq. Ancaq bundan sonrakı gedişat ürəyimcə olmadı. Düzdü, matçın sonuna qədər komandamız daha 2 top vurmağı bacardı. Lakin ötürmələrdə çoxlu səhvlərə yol verdik. Futbolçular adi epizodlarda topu itirirdilər və bu məni razı salmadı. Oyunda narazı qaldığım yeganə məqam məhz budu. Əslində, biz həmişə səliqəli oynayırıq və ötürmələrdə top itkisinə az yol veririk. Bu dəfə isə elə olmadı. Oyunun nəticəsindən və qapımızın toxunulmazlığını saxlamağımızdan isə razıyam”.
Növbəti turda AZAL-la üz-üzə gələcək “İnter” daha sonra “Simurq”, “Neftçi”, “Qəbələ” və “Qarabağ”la qarşılaşacaq. Sxadadze bundan sonrakı turlarda oyun qrafikinin onlar üçün çətinləşdiyini etiraf edib: “Növbəti turdan çətin oyunlar seriyası başlayır. Buna hazır olmaq lazımdı. Çünki ağır oyun qrafikimiz var. Ardıcıl olaraq, AZAL, “Simurq”, “Neftçi”, “Qəbələ” və “Qarabağ”la qarşılaşacağıq. Çox vacib oyunlardı. Hamısı çempionatda iddialı yerlər uğrunda mübarizə aparır və əsas rəqiblərimizdi. Həmin görüşlərdən yaxşı nəticə ilə ayrılmaq lazımdı. Bunun üçün isə oyunlara maksimum güclə hazırlaşmalıyıq”.
Əfran İsmayılovun çıxışından razı qalan Sxadadze 90 dəqiqə şans verdiyi Elvin Məmmədovdan da narazılıq etməyib: “Əfran 2 qol vurdu, potensialı böyükdü. O ki qaldı Elvinə, ondan çox razıyam. Elvini tərifləmək fikrim yoxdu. Amma məşqlərdə işləməsindən, oyunlarda göstərdiyi performansdan narazı deyiləm. Məncə, Elvin Məmmədov artıq qayıdıb”.
Sxadadze böyük ümidlərlə transfer edilən Ruben Şakenin isə hələ ki, özünü yaxşı tərəfdən göstərə bilmədiyini dilə gətirib. Təcrübəli çalışdırıcı bunu holland futbolçunun adaptasiya prosesini tam keçməməsi ilə əlaqələndirib: “Kimisə aldatmaq fikrim yoxdu. Hamı Şakenin hazırkı oyununu görür. Hələ komandaya tam adaptasiya ola bilməyib. Bu gün Şakenin ikinci matçı idi. Razıyam ki, biz gözlədiyimiz oyunu sərgiləmir. Amma çox peşəkar futbolçudu. “Feyenord” kimi komandadan gəlsə də, məşqlərdə canla-başla iştirak edir. Özü də dərk edir ki, hələ əsas heyətdə oynamayacaq. Bunu bilə-bilə məşqlərdə can yandırır. Məncə, bunun özü əsl peşəkarlıq deməkdi. Açığı, Şakendən bunu gözləmirdim”.
Yeni transfer Vojislav Stankoviçin debüt matçını da dəyərləndirən “Kaxa” hücumçu ilə müqayisədə müdafiəçinin işinin asan olduğunu vurğulayıb: “Bu gün Vojislav Stankoviç “İnter”in heyətində debüt etdi. Oyunu yaxşı alındı. Müdafiəçinin işi müdafiə olunmaqdı, bu mənada ona verilən tapşırıq elə də çətin deyil. Hücumçunun işi isə qol vurmaq, təhlükəli epizodlar yaratmaqdı. Nəsə yaratmaq həmişə çətin olur. “İnter”in öz taktikası, oyun fəlsəfəsi var. Buna uyğunlaşmaq isə zaman alır”.
Tengiz MƏMMƏDOV