[b]“Özünü söysən, başa düşmək olar” – Səlahət Ağayev[/b]
18.04.2016 - 15:32
[b]“Özünü söysən, başa düşmək olar” – Səlahət Ağayev[/b]

“AZAL-ın futbolçusunun Vaqif Cavadova qarşı nalayiq ifadə işlətməsi hamımızı əsəbləşdirdi. Vaqif də onun “payı”nı yerindəcə verdi”. Bunu apasport.az saytına “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev deyib.

 

Topaz Premyer Liqasının XXX turunda AZAL-ın qonağı olan “gənclik şəhəri” təmsilçisi səfərdən minimal hesablı (0:1) məğlubiyyətlə ayrılıb. Nəticədən çox oyunda baş verən xoşagəlməz hadisələr gündəmə gəlib. Ən diqqətçəkən məqam matçın gedişində “təyyarəçilər”in müdafiəçisi Qvanzav Maqomedovun “Sumqayıt”ın hücumçusu Vaqif Cavadova qarşı ana söyüşü işlətməsi olub.

 

“Kimyaçılar”ın qolkiperi həmin anda komanda yoldaşının həmkarına qarşı səbrli davrandığını bildirib: “Qvanzav söyüş söyməklə düz hərəkət eləmədi. Doğrudu, Vaqif onun cavabını verdi, düz də elədi. Amma yaxşı ki, özünü saxlaya bildi. İnandırım sizi, orda Vaqifin yerində başqa biri olsaydı, Qvanzavı döyərdi. Yenə özünü söysən, başa düşmək olar. Amma ailə üzvünə qarşı nalayiq söz işlətmək yolverilməzdi. Vaqiflə illərdi yığmada da bir yerdə çıxış edirəm. Hamı bilir ki, o, dava-dalaş xoşlayan oyunçu deyil, başını aşağı salıb futbolunu oynayır”.

 

“Sumqayıt”ın vitse-kapitanı ölkəmizə gələn legionerlərin, həmçinin milliləşdirilmiş futbolçuların bu cür hərəkətə əl atmalarının qəbulolunmaz olduğunu söyləyib: “Mən yerli-legioner ayrı-seçkiliyi etmək istəmirəm. Çünki elə əcnəbilər var ki, mentalitetimizə uyğun davranırlar, adət-ənənələrimizə hörmət edirlər. Ancaq bəziləri unudurlar ki, kənardan gəlib, burda çörək pulu qazanırlar. Başqa ölkədən gəlib yerli futbolçuya qarşı edilən hörmətsizliyi mən qəbul edə bilmərəm”.

 

Epizodların birində Səlahət özü də mübahisə edib. Belə ki, o, cərimə zərbəsi zamanı rəqibin yarımmüdafiəçisi Murad Səttarlı ilə söz davasına çıxıb. Qolkiper bunun məğlubiyyətin gətirdiyi əsəbdən qaynaqlandığını deyib: “Murada yaxınlaşıb itələdim ki, oyun tez başlasın. Hesabda geriyə düşmüşdük, əsəbi idik. Amma Muradla heç bir problemimiz yoxdu. O, xətrini istədiyim futbolçudu, indi də münasibətimiz yaxşıdı. Oyunda belə hallar olur”.

 

Ruslan SADIQOV

0