“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” qarşılaşmaya hazırlığını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina klubunda yalnız bir futbolçu kollektivlə birlikdə məşq etmir.
Bu da bir müddətdi zədədən əziyyət çəkən Maykl Essyendi. Bakıdakı ilk qarşılaşmanı buraxacağı dəqiq olan ulduz futbolçu fərdi planda məşqlərini davam etdirir. Adı Avroliqanın iştirak ərizəsinə salınmayan gənc oyunçu Kostas Kotsaris müalicə almaqla məşğuldu. Komandanın yeni transferlərindən olan Rasmus Telander isə zədəsini sağaldıb. Artıq kollektiv məşqlərdə iştirak edən danimarkalı müdafiəçinin “Qəbələ” ilə görüşdə ilk “11-lik”də yer alması gözlənilir.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun avqustun 20-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.