[b]“Qarabağ” ilk, “Qəbələ” növbəti xal iddiasında[/b]
30.09.2015 - 10:28
[b]“Qarabağ” ilk, “Qəbələ” növbəti xal iddiasında[/b]

Sabah Avropa Liqasında qrup mərhələsi çərçivəsində II turun görüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 48 komanda arasında yer alan Azərbaycan təmsilçiləri də növbəti matçına çıxacaqlar.

 

Azarkeşlərimizin diqqəti əvvəl Bakıda baş tutacaq matça yönələcək. Belə ki, saat 22:00-da son iki mövsümün Azərbaycan çempionu “Qarabağ” meydana çıxacaq.

 

İlk turda İngiltərədə “Tottenhem”ə uduzan (1:3) Ağdam təmsilçisi Belçikanın ən titullu klubu “Anderlext”i qəbul edəcək. Qurban Qurbanovun yetirmələri 33 qat ölkə çempionu ilə görüşə qrupda ilk xalını qazanmaq iddiasındadı. “Qarabağ” “ağ-bənövşəyilər” üzərində qələbə qazanmaqla, ilkə də imza ata bilər.

 

Məsələ ondadı ki, indiyədək klublarımız qrup mərhələsində ev qələbəsi qazanmayıb. Yeganə zəfər Ukraynada “Dnepr”lə qarşılaşmaya təsadüf etdiyindən Bakıda tamaşaçılar qələbə sevinci görməyib. Son 3 qarşılaşmada meydanı qolsuz tərk etməyən ağdamlılar dəfələrlə avrokubok qazanmış rəqiblə görüşdə də seriyasını davam etdirmək əzmindədi.

 

Bu qarşılaşma başa çatandan az sonra isə meydana “Qəbələ” çıxacaq. Əyalət klubu Rusiyada yerli “Krasnodar”la görüşəcək. İlk turda PAOK-la (Yunanıstan) qolsuz heç-heçəyə nail olan qəbələlilər xal hesabını artırmağa çalışacaq.

 

I turda məğlub olduğundan qrupda sonuncu pillədə qərarlaşan “öküzlər”i məğlub edəcəyi halda, “qırmızı-qaralar” da ilkə imza atacaq. Belə ki, təmsilçimiz avrokuboklarda səfər qələbəsi qazanmayıb.

 

Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyasına Krasnodarda da davam etdirməyə çalışacaq. “Kuban” stadionundakı görüş Almaniya “Borussiya”sı ilə ardıcıl iki qarşılaşma öncəsi xal hesabını artırmağa xidmət etməlidi. 1/16 finala vəsiqə iddiasında olan “qırmızı-qaralar” Yunanıstan və Rusiya klubları ilə görüşlərdə mümkün qədər çox xal qazanmalıdı.

 

Avropa Liqası, qrup mərhələsi

II tur

1 oktyabr

 

J qrupu

 

22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Ştefan Kuehr

Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer

Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya) 
Hakim-inspektor Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. T.Bəhramov adına Respublika stadionu

 

 

C qrupu

 

00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Marçin Borski

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek

Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda

Dördüncü hakim: Krjiştof Mirmus (hamısı Polşa)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)

Krasnodar. “Kuban” stadionu