Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son matçını “Qarabağ”a qarşı keçirəcək “Roma”nın təxmini “11-liy”i müəyyənləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “canavarlar”a yaxınlığı ilə bilinən saytların hamısı komandanın meydana 4-3-3 taktiki sxemi ilə çıxacağını qeyd edib.
Baş məşqçi Eysebio Di Françesko, demək olar ki, ideal heyəti mübarizəyə qoşacaq. Çünki Azərbaycan çempionundan fərqli, bu qarşılaşma romalılar üçün böyük önəm kəsb edir. Belə ki, xal itkisi paytaxt klubunu Çempionlar Liqasından kənarda qoya bilər.
Çərçivədə Braziliya millisinin qolkiperi Alissonun dayanacağına heç kimdə şübhə yoxdu. Onun önündə Federiko Fazio və bu günlərdə klubla müqavilə müddətini yeniləyən Kostas Manolas yer alacaq. Müdafiənin sol cinahında Aleksandr Kolarov, sağ cinahında isə Alessandro Florenzi mübarizə aparacaq.
Yarımmüdafiədə Di Françeskonun ən çox güvəndiyi “üçlük” çıxış edəcək. Raca Nainqqolan və Kevin Strotmanla birlikdə kapitan Daniele De Rossi oynayacaq.
Çalışdırıcı hücum xəttində də kimlərə güvənəcəyini müəyyənləşdirib. Hücumun sivri ucunda Edin Dzeko qol axtarışında olacaq. Ona cinahlardan Stefan El Şaravi ilə Dieqo Perotti kömək edəcəklər. Zədədən qayıtdıqdan sonra yavaş-yavaş formaya düşən Patrik Şikin isə matçın gedişində Çempionlar Liqasında debüt etməsi gözlənilir.
“Roma”da 3 futbolçunun meydana çıxmayacağı dəqiqdi. Bunlar müdafiəçilər Bruno Peres, Rik Karsdorp və hücumçu Qrequar Defreldi. Karsdorp və Defrel zədə, Peres isə cəza ucbatından qarşılaşmanın iştirak ərizəsində olmayacaqlar.
Qeyd edək ki, sabah Roma Olimpiya Stadionunda keçiriləcək “Roma” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.