Ağdamın “Qarabağ” klubunun avrokuboklardakı uğurlu seriyaları qırılıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin qitə miqyaslı turnirlərdəki qələbə, məğlubiyyətsizlik və qol seriyaları Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la avstriyadakı cavab oyununda sona çatıb.
Cari mövsüm keçirdiyi hər 3 oyunda – 2 dəfə Malta “Valletta”sı (1:0 və 4:0) və “Zalsburq”la ilk qarşılaşmadakı (2:1) qələbələrdən sonra uduzan Ağdam təmsilçisinin 3 matçlıq yenilməzlik və eyni sayda qalibiyyət seriyası ilə vidalaşıb. Tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində ilk dəfə qələbəsiz qalıb. Bununla da eyni seriyalar bu turnirə də şamil oluna bilər.
Ötən mövsüm “Ayntraxt”la Almaniyadakı cavab oyununda uduzsa da (1:2), qol vuran təmsilçimiz ardıcıl 4 matç rəqib qapılarına yol tapmışdı. Bu seriyada Zalsburqda qırıldı. Son məğlubiyyəti və qələbəsiz oyunu Frankfurtda olan “Qarabağ” bu rəqiblə Bakıdakı qarşılaşmadan (0:2) sonra qolsuz qalmırdı.
Ağdam təmsilçisinin səfərdəki qol seriyası isə daha uzun sürüb. Komanda ardıcıl 8 səfər oyununda rəqib qapılarına tol tapsa da, 9-cu səddə “ilişib”. 2010-cü il avqustun 19-da Dortmundda “Borussiya”ya 0:4 hesabı ilə uduzan Qurbanovun yetirmələri Zalsburqa səfərində qədər rəqib meydanlarında 4 il idi qolsuz qalmırdı.