[b]“Qarabağ”ın futbolçusu dünya çempionatında? [/b]
14.04.2014 - 17:07
[b]“Qarabağ”ın futbolçusu dünya çempionatında? [/b]

“Qarabağ”ın Avropada ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini  bütün komandanın adına yazmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

Topaz Premyer Liqasının XXX turunun “Rəvan”la oyununda qol buraxan bosniya və herseqovinalı legionerin “quru seriya”sı qırılıb. 525 dəqiqə qol buraxmayan və bu göstəricidə mövsümün 2-ci göstəricisinə malik Şehiç klubunun rəsmi saytına açıqlamasında 30 matçda 15 top buraxan komandasının uğurlarından danışıb: “Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik.  Nəticədə bugünkü nəticəni əldə etmişik. Bu, sadəcə mənim və ya müdafiəçilərin deyil, bütün komandanın əməyidir. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədir. Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar”. 

 

Bir müddət əvvələ qədər Bosniya və Herseqovina yığmasına çağırılan qolkiper yenidən milliyə qayıtmaq, komanda ilə Braziliyadakı mundiala yollanmaq perspektivini dəyərləndirib: “Milli komandaya gəlincə, ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda, belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən, millinin qapıları üzünə açıqdır. Zənnimcə, “Qarabağ”ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi.  Dünya çempionatına kimi hələ vaxt var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam”.