[b]“Qarabağ”ın rəqibi yeni baş məşqçisini tapdı[/b]
19.08.2015 - 15:30
[b]“Qarabağ”ın rəqibi yeni baş məşqçisini tapdı[/b]

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Yanq Boyz” yeni baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, Bern klubu artıq yeni çalışdırıcısını müəyyənləşdirib.

 

Uli Fortenin istefasından sonra onun köməkçisi Harald Qamperleni müvəqqəti baş məşqçi təyin edən isveçrəlilər bu posta Mirko Slomkanı gətirmək niyyətindədilər. Almaniyalı mütəxəssislə danışıqlar artıq yekunlaşmaq üzrədi. Slomka özü də Almaniya KİV-nə açıqlamasında “Yanq Boyz”u çalışdıracağını istisna etməyib. 47 yaşlı məşqçinin yaxın günlərdə rəsmi müqaviləyə qol çəkməsi və klubun “sükanı arxasına” keçməsi gözlənilir.

 

“Yanq Boyz” rəhbərliyi Slomkanın alternativlərini də hazırlayıb. Əgər onun keçidi son anda baş tutmasa, o zaman “Bayer”in əvəzedici komandasının baş məşqçisi Saşa Levandivski və “Spartak”dan (Moskva) ayrıldıqdan sonra işsiz qalan Murat Yakınla danışıqlar aparılacaq.

 

Qeyd edək ki, Mirko Slomkanın son iş yeri ötən il “Hamburq” olub. O, bundan öncə “Şalke” və “Hannover”i çalışdırıb.