[b]“Qarabağ”ın rəqibini yaxından tanıyaq[/b]
23.06.2014 - 14:58
[b]“Qarabağ”ın rəqibini yaxından tanıyaq[/b]

Ölkəmizi ilk dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın turnirin II təsnifat mərhələsindəki rəqibinin adı məlumdur. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin bu turnirdəki ilk rəqibi Maltanın “Valletta” klubudur.

 

1943-cü ildə Maltanın paytaxtı Vallettada yaradılan bu klub 3 klubun birləşməsi nəticəsində formalaşıb. Belə ki, “Valletta Prestons”, “Valletta Sent-Pauls” və II dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olmuş “Valletta Yunayted” indiki klubun formalaşmasına səbəb olub.

 

Ümumiyyətlə, vaxtı ilə İngiltərənin ərazisi olmuş Maltanın paytaxtının 1886-1919-cu illər aralığında böyük futbol tarixi olub. Təsəvvür edin ki, cırtdan ölkənin mərkəzi şəhəri olan Vallettanı 14 futbol klubu həmin illərdə daxili birincilikdə təmsil edib. 

 

“Valletta Yunayted”in davamçısı kimi 2 titulu da saysaq, “Valletta” 22 dəfə Malta çempionu olub. 13 dəfə Malta kubokunu qazanan “ağ cəngavərlər” 10 dəfə də ölkə Superkubokunu başı üzərinə qaldırıb. Komanda 1996/97 mövsümündə Maltada keçirilən bütün 5 ölkə titulunun hamısını qazanmaqla adından söz etdirməyi də bacarıb. 2000/01 mövsümündə isə Malta Futbol Assosiasiyasının 100 illiyi münasibəti ilə keçirilən kubok da daxil olmaqla 6 titul qazanılıb ki, bu da rekord göstəricidir.

 

Komandanın baş məşqçisi Qilbert Aciusdur. Malta yığmasının sabiq yarımmüdafiəçisi olmuş 40 yaşlı çalışdırıcı bu komandaya 2012-ci ildə köməkçi məşqçi kimi gəlib. Heyətinin əksər üzvləri Malta yığmasının futbolçuları olan “Valletta”nın kapitanı Rayan Feneçdir. Heyətdə isə 6 legioner var. Bunlar Gürcüstan yığmasının qapıçısı Nukri Revişvili, qambiyalı Hamza Barri, Nigeriya doğumlu ingilis Latif Elford-Alliyu, braziliyalı Denni, tunisli Abdelkarim Nafti və avstraliyalı Adrian Zahradır. Sonuncu “Valletta”nın yeni transferidir.

 

“Valletta” ev oyunlarını doğma şəhərində keçirmir. Bu komanda 18 min tamaşaçı tutumuna malik olan Ta Kali şəhər stadionunda qonaqlarını qəbul edir.

 

Qeyd edək ki, bu arena Malta millisinin stadionu da sayılır. Millimiz məhz bu stadionda Malta ilə oyunlar keçirib.