Azarkeşlər “Dnepr” – “Qarabağ” matçına buraxılacaq - YENİLƏNİB
25.09.2014 - 15:57
 Azarkeşlər “Dnepr” – “Qarabağ” matçına buraxılacaq  - YENİLƏNİB

“Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Dnepr” UEFA-nın sərt sanksiyası ilə üzləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İntizam Komitəsi Ukrayna təmsilçisini cəzalandırıb.

 

Buna “Dnepr”in Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiyevdə “Kopenhagen”ə qarşı keçirdiyi oyun səbəb olub. “Olimpiyski” stadionunda baş tutan matçda azarkeşləri düzgün yerləşdirilməməsinə görə “Dnepr” 1 avrokubok matçını boş tribunalar önündə keçirəcək.

 

UEFA klubu 50 min avro məbləğində də cərimələməyi unutmayıb. Üstəlik, şərti cəza da göstərilib. Belə bir hal “Dnepr”in ev oyunlarında 2 il müddətində təkrarlanarsa, komanda avrokuboklardan kənarlaşdırılacaq.

 

 “Dnepr” Avroliqada növbəti ev oyununu “Qarabağ”a qarşı keçirəcək. Bu isə o deməkdi ki, oktyabrın 23-də baş tutacaq “Dnepr” – “Qarabağ” matçı boş tribunalar önündə oynanılacaq.

 

Lakin Ukrayna klubunun azakeş saytı yayılan xəbərləri təkzib edib: “Mətbuatda UEFA bizi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə oyunda baş verən hadisələrə görə cəzalandırdığı yazılıb. Düzdü, həmin oyunda bizim azarkeşlərimizlə rəqib azarkeşlər arasında müəyyən anlaşılmazlıq olmuşdu. Lakin bizim cəzalandırılmağımız haqqında yazılanlar yanlışdı. Çünki qitə futbol qurumu klubumuza sadəcə xəbərdarlıq edib və şərti cəza verib. Əgər eyni hadisələr yenə təkrarlanarsa, o zaman UEFA bizə matçlarımızı azarkeşsiz oynamaq cəzasını verə bilər”.