[b]“Qarabağ”la oyundan sonra...” - Tibo Kurtua[/b]
28.11.2017 - 12:46
[b]“Qarabağ”la oyundan sonra...” - Tibo Kurtua[/b]

“Ötən mövsüm oyunlar arasında hazırlıq vaxtı çox olurdu. Ancaq indi qarşılaşmalar bir-birini əvəz edir”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin qapıçısı Tibo Kurtua deyib.

 

Çempionlar Liqasının V turunda “Qarabağ” üzərində səfər qələbəsi qazanan (4:0) London təmsilçisi ardından İngiltərə Premyer Liqasında “Liverpul”la bərabərə qalıb – 1:1.

 

Yerli mətbuata açıqlama verən Kurtua bu nəticəni təqvimlə əlaqələndirib. Belçika millisinin üzvü “Mançester Siti” ilə görüş öncəsi də analoji durumla üzləşdiklərini vurğulayıb: “Hər kəs Çempionlar Liqasında oynamaq istəyir. Çünki bu turnirin səviyyəsi tam fərqlidi. “Atletiko” ilə Çempionlar Liqası matçından bir neçə gün sonra “Mançester Siti” ilə üz-üzə gəldik. Bu, bizim bəxtsizliyimizdən belə alındı. Düzdü, “Mançester Siti” əla formadadı. Lakin hesab edirəm ki, əgər istirahət etmək imkanımız olsaydı, onlara qarşı daha yüksək səviyyədə çıxış edərdik. Necə ki “Mançester Yunayted”lə oyun rahat hazırlaşdıq və nəticəsini hər kəs gördü”.

 

Noyabrın 22-də “Qarabağ”la, 25-də isə “Liverpul”la üz-üzə gəldiklərini xatırladan Kurtua “zadəganlar”ın baş məşqçisi Antonio Konte kimi, təqvimin sıxlığından şikayətlənib. Bununla belə, 25 yaşlı qolkiper uğurlu çıxış etdiklərini düşünür: “Çempionlar Liqasında 3 böyük oyun keçirmişik. Bunların birində qələbə qazanmışıq, birində bərabərə qalmışıq, birində isə məğlub olmuşuq. Düşünmürəm ki, hazırlığın bu nəticələrə bir təsiri oldu. Lakin bir məsələdə baş məşqçimizlə razıyam. Ötən həftənin çərşənbə günü “Qarabağ”la matçdan sonra Azərbaycandan qayıtdıq, səhər saat 6-da Londona çatdıq. Və vaxt itirmədən “Liverpul” kimi komanda ilə matçın hazırlığına başladıq. İngiltərə Premyer Liqası üçün heç də yaxşı təqvim deyil. Buna baxmayaraq, üzərimizə düşəni etdik və yaxşı vəziyyətdə olduğumuzu göstərdik. Qalib psixologiyasını nümayiş etdirməyə çalışdıq”.

 

Qeyd edək ki, hazırda Premyer Liqada 3-cü pillədə qərarlaşan “Çelsi” Çempionlar Liqasında sona 1 tur qalmış C qrupuna başçılıq edir.

0