Avroliqanın I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” görüşünün qazaxıstanlı hakimi Artyom Kuçin futbolçularımıza tanış simadır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı referi son 2 ildə təmsilçilərimizin oyununda fit çalıb.
Qazaxıstanlı ədalət təmsilçisi əvvəlcə 2012-ci il iyulun 24-də “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsinin Zestafonidə eyniadlı klubla oyununda baş hakim olub.
Bakıdakı 3:0 hesablı qələbədən sonra Gürcüstandan qənaətbəxş nəticə dalınca yollanan “ağ-qaralar” Kuçinin idarə etdiyi matçda da uduzmayıb – 2:2. Matç boyu cəmi 2 sarı vərəqə göstərən referi yalnız meydan sahiblərini cəzalandırıb.
O, hətta “Neftçi”nin lehinə penalti qərarı verməklə bakılıları sevindirib. Məhz həmin penalti zərbəsi ilə Rəşad Sadiqov matçda son qolu vurmaqla komandasını məğlubiyyətdən xilas etmişdi.
Ötən ilin noyabrın 19-da millimizin Bişkekdə Qırğızıstan yığması ilə keçirdiyi yoldaşlıq matçında da Kuçin iş başında olub. Qolsuz heç-heçə ilə başa çatan görüş referi hər 2 tərəfə 1 dəfə vərəqə ilə xəbərdarlıq edib. Kuçin 68-ci dəqiqədə Rauf Əliyevə sarı vərəqə göstərib.
Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” qarşılaşması iyulun 3-də saat 20:00-da keçiriləcək.