UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.
Komanda Topaz Premyer Liqasının II turunun avqustun 15-də keçirilən AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib.
Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.