[b]“Qəbələ” niyə “Botev”lə oynamaqdan imtina edib?[/b]
25.06.2014 - 17:12
[b]“Qəbələ” niyə “Botev”lə oynamaqdan imtina edib?[/b]

“Maribor”la yoxlama oyunu ilə birgə Sloveniyada cəmi 3 matç keçirəcəyik. Bu, bəlkə də Avroliqaya hazırlaşan komanda üçün az görünə bilər. Ancaq baş məşqçimiz belə istəyib”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

“Qəbələ” Avroliqaya hazırlıqlarını Sloveniyada davam etdirir. Mərkəzi Avropa ölkəsində cəmi 2 yoxlama görüşü keçirən, yerli “Stoyntsi” (1:0) və “Neftçi”nin potensial rəqibi “Koper”lə (0:1) qarşılaşan “qırmızı-qaralar” Bolqarıstanın “Botev” klubu ilə gücünü sınamaqdan imtina edib.

 

Klubun vitse-prezidenti buna belə aydınlıq gətirib: “Biz əvvəlcədən Sloveniyada 5 hazırlıq matçı keçirməyi planlaşdırmışdıq. Danışıqlar apardığımız və bütün məsələlərdə razılaşdığımız İvaylo Petevin istəyinə uyğun olaraq plan qurmuşduq. Ancaq məlum olduğu kimi, Petev Kiprin AEL klubundan ayrıla bilmədi. Biz isə sonradan Dorinel Muntyanu ilə anlaşdıq. O isə komandanın daha çox məşq etməli olduğunu və cəmi 3 yoxlama görüşü ilə futbolçuların potensialına bələd olacağını bildirdi. Ona görə də iyunun 21-də “Botev”lə oyun keçirməkdən imtina etdik”.

 

Qeyd edək ki, “Botev”i AÇ-nin seçmə mərhələsindəki rəqibimiz - Bolqarıstan yığmasının da baş məşqçisi olan Lyuboslav Penev çalışdırır. Həmçinin “Xəzər Lənkəran”ın sabiq hücumçusu İvan Svetkov Plovdiv təmsilçisinin kapitanıdır.