“Astra” klubunun müdafiəçisi Aleksandru Dandya karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın fanatik.ro saytı yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı oyunçunun xidmətində maraqlı olan klub “Qəbələ”di. Hətta Premyer Liqa təmsilçisi rəsmilərinin Rumıniya çempionatının geridə qalan turunda “Astra” – “Styaua” (2:0) qarşılaşmasını canlı izlədikləri də vurğulanıb. Matçda 90 dəqiqə meydanda olan mərkəz müdafiəçisi qış fasilsəində ölkəmizə köçə bilər. “Qəbələ”nin futbolçuya aylıq 15 min dollar maaş və əlavə bonuslar təklif etdiyi yazılıb.
Bu keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Çünki Dandya “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuka tanış futbolçudu. O, 2013-14 mövsümünü Ukrayna klubu “Hoverla”nın heyətində keçirib. Qriqorçuk isə həmin dövrdə “Çernomorets”ə rəhbərlik edib.
Lakin “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı əməkdaşımızla söhbətində məlumatı təkzib edib. O, “Astra” – “Styaua” görüşündə “Qəbələ” rəsmilərindən heç kimin olmadığını bildirib.
Qeyd edək ki, Aleksandru Dandya “Astra”ya 2015-ci ildə “Metalul”dan keçib.