Dünyanın milli çempionatlarında davam edən ən uzun seriyalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk “onluq”da qərarlaşanlar arasında Azərbaycan klubları da yer alıb.
İki təmsilçimiz – “Qəbələ” və “Keşlə” fərqlənənlər sırasında qərarlaşıb. Lakin komandalarımız fərqli məqamlarda siyahıya düşüb.
“Qəbələ” dünyanın ən məhsuldar komandaları arasında yer alıb. Söhbət hər görüşdə 3 və daha çox qol vurmaqdan gedir. Roman Qriqorçukun yetirmələri artıq 4 çempionat oyunudu 3-dən az qol vurmur.
“Səbail”i 3:1, “Neftçi”ni 3:2, “Kəpəz”i 6:1 yenən “qırmızı-qaralar” bu dəfə “Kəpəz”dən güclü olub – 3:0. “Qəbələ” bu seriya ilə dünya ikinciliyinə şərikdi.
Yalnız Kanada təmsilçisi “Skarboro” daha çox – 5 matçda belə məhsuldar olub. “Qəbələ” və daha 3 klubda isə bu göstərici 4-ə bərabərdi. Onlar arasında avrokuboklardan tanıdığımız Litva “Suduva”sı da yer alıb.
“Keşlə” isə ardıcıl məğlubiyyət sayında 9-10-cu yerlərə şərikdi. Bakılılar Tailandın “Esen Yunayted” komandası ilə eyni göstəriciyə malikdi.
Bu göstəricidə antirekord “Paniliakos”a məxsusdu. Yunanıstanın aşağı liqa təmsilçisi 23 turdu xal qazana bilmir.
Sentyabrın 23-də “Zirə”dən xal alan (1:1) “Keşlə” o vaxtdan məğlubiyyətləri sıralayır. Bakılılar “Neftçi”yə 0:2 və 1:3, “Qarabağ”a 0:2, “Səbail”ə 0:1, “Sumqayıt”a 1:3, “Zirə”yə 0:1 və “Qəbələ”yə 0:3 hesabı ilə uduzub.