“Qəbələ”nin müdafiəçisi Deyv Bulthuisin komandadan gedəcəyi ilə bağlı xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, artıq hollandiyalı futbolçu klubla yollarını ayırıb.
Bulthuis vətəninə dönüb. “Herenven”lə anlaşan oyunçunun keçidinin rəsmiləşdiyini demək olar. “Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. Əldə etdiyimiz məlumata görə, “qırmızı-qaralar” “Herenven”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.
Artıq sənədləşmə işləri də yoluna qoyulub, hər iki tərəfin yaxın günlərdə keçidi rəsmən açıqlayacağı gözlənilir. Deyv Bulthuis “Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmayacaq.
Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada - “Utrext”də başlayan Bultuis 4 mövsüm vətənində çıxış etdikdən sonra “Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun “Qəbələ”dən öncəki son komandası olub.