“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina klubu yarımmüdafiə ilə yanaşı, müdafiə xəttini də gücləndirmək fikrindədi.
“Nyukasl”ın orta sahə oyunçusu Mehdi Abeidlə danışıqları davam etdirən “Panatinaikos” müdafiə xəttindəki problemi də Albaniya millisinin üzvü Endi Lila ilə həll etmək niyyətindədi. Ancaq 29 yaşlı oyunçunu almaq elə də asan başa gəlməyəcək. Çünki sabiq “Parma”lı mərkəz müdafiəçisini “Hamburq” da heyətinə cəlb etməyə hazırlaşır.
Son olara ölkəsində “Skenderbeu” klubunun formasını geyinən Lila hazırda azad agent statusu daşıyır. O, yenidən karyerasını ölkə xaricində davam etdirə bilər. “Panatinaikos” tezliklə bu transferi həyata keçirib, onun adını “Qəbələ” ilə matça qədər iştirak ərizəsinə əlavə etməyə çalışır.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.