“Bu, bizim üçün yeni macəra və yeni başlanğıcdır. Ümid edirəm ki, Azərbaycanda uğur qazanacağam”. Apasport.az xəbər verir ki, bu sözləri Rumıniya mətbuatına açıqlamasında “Qəbələ”nin yeni transferi Andre Kristea deyib.
Yeni komandasından və Azərbaycandan danışan 30 yaşlı vinger Avropa Liqasında uğur qazanmaq istədiklərini bildirib: “Mən Almaniyada legioner həyatı yaşamışam. Azərbaycan mənim üçün yeni ölkədir. Ona görə də bu ölkəyə uğur qazanmaq və özümüzü sübut etmək üçün gedirik. Avropa Liqasında komandamıza kömək etməliyik. Baş məşqçi Dorinel Muntyanu bizi yaxşı tanıyır. Onunla birlikdə komandamız üçün çox şey edəcəyimizə inanıram”.
Digər rumıniyalı Adrian Ropotan da “Qəbələ” haqqında danışıb. 28 yaşlı yarımmüdafiəçi yaxşı nəticəyə qazanmaqla özlərini sübut edəcəklərini bildirib: “Mən Rusiya Premyer Liqasında oynamışam. Legioner həyatı yaşamaq mənim üçün yad deyil. Azərbaycan bizim üçün yeni bir dövrün başlanğıcı olacaq. Biz istəyirik ki, “Qəbələ” ilə uğura imza atıb, bundan zövq alaq. Avroliqa kimi bir turnirdə oynayacağımız isə çox yaxşı oldu. Avropa meydanlarında komandamızla yaxşı nəticələrə imza atacağıq. Muntyanuya da hər şey üçün təşəkkür edirik”.