“Qəbələ”nin yollarını ayırdığı Bəxtiyar Soltanov özünə yeni klub tapıb. Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun "qara siyahı"sına düşən yarımmüdafiəçi “Kəpəz”lə anlaşıb.
“Qəbələ”yə lazım olmayan Soltanovun adı AZAL-la birgə hallansa da, o, sabiq komandasına qayıtmağa qərar verib. Razılaşmaya əsasən, 26 yaşlı futbolçu qarşıdakı 1 ili Gəncə klubunun heyətində keçirəcək.
Bu məlumatı saytımıza açıqlamasında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev də təsdiqləyib: "Bəxtiyarı heyətimizə qatdıq. Onunla 1 illik müqavilə imzaladıq. Soltanov artıq “Kəpəz”in futbolçusu sayılır”.
Qeyd edək ki, 2012-13 mövsümünü “Kəpəz”də keçirmiş Soltanov bundan əlavə, “Bakı”, “Qarabağ” və “Araz Naxçıvan” klublarının da formasını geyinib.