[b]“Qızıl het-trik”ə doğru[/b]
05.06.2015 - 09:06
[b]“Qızıl het-trik”ə doğru[/b]

Sabah avrokuboklarda 2014/15 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının finalı mövsümün son oyunu olacaq.

 

Qitənin ən nüfuzlu klub turnirinin qalibi Almaniyanın paytaxtı Berlindəki “Olimpiyaştadion”da müəyyənləşəcək. Həlledici matçda İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcək.

 

Appeninlilər 12 ildən sonra finala yüksəlib. İndiyədək 2 dəfə qitənin ən güclüsü adını qazanan “ağ-qaralar” 3-cü mükafatını başı üzərinə qaldırmağa iddialıdı.

 

“Barselona” isə 4 dəfə qalibi olduğu yarışda 5-ci uğurunun astanasındadı. Kataloniya təmsilçisi bunu bacarsa, son 10 ildə 4-cü dəfə Çempionlar Liqasının qalibi olacaq.

 

Hər iki komanda başa çatan mövsümdə öz ölkəsində həm çempionat, həm kubokun qalibi olub. Bu isə o deməkdi ki, finalda qələbə qazanan tərəf “Qızıl het-trik”ə imza atacaq. 2008/09-cu ildə buna nail olan “Barselona” ikinci dəfə eyni uğuru təkrarlamaq niyyətindədi.

 

İndiyədək 7 dəfə bu turnirin finalında çıxış edən “Yuventus” 5 dəfə məğlub olub. Bu göstəricidə “Benfika” və “Bavariya”ya şərik olan turinlilər 6-cı uğursuzluğu yaşasa, mütləq antirekord müəyyənləşdirəcək.

 

Həlledici matç öncəsi “Yuventus”da itkilər diqqət çəkir. Zədədən əziyyət çəkən Bartsalyi və Kaseresin Berlində meydana çıxmayacağı gözlənilir.

 

Qeyd edək ki, komandalar indiyədək avrokuboklarda 6 matçda üz-üzə gəlib. 1985/86 mövsümündə Çempionlar kubokunda (1:0, 1:1), 1990/91 mövsümündə isə kuboklar kubokunda (3:1, 0:1) “Barselona” dueldən qalib ayrılıb. 2002/03 mövsümündə Çempionlar Liqasında mərhələ keçən turinlilər olub – 1:1, 2:1.

 

 

Çempionlar Liqası

Final

6 iyun

 

23:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Berlin (Almaniya). “Olimpiyaştadion”