[b]“Rəhbərlik düz qərar qəbul etdi” – Yaşar Vahabzadə[/b]
06.09.2017 - 18:14
[b]“Rəhbərlik düz qərar qəbul etdi” – Yaşar Vahabzadə[/b]

“Millidən ayrılmağım qarşılıqlı razılıq əsasında oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Yaşar Vahabzadə deyib.

 

57 yaşlı çalışdırıcı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postundan ayrılıb. Belə ki, AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiyaya məğlubiyyətlərdən sonra mütəxəssis AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Bundan sonra isə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

 

İstefası ilə bağlı danışan Vahabzadə doğru qərar qəbul olunduğunu bildirib: “Rəhbərliklə oturub, söhbət etdik. Hesabat verdim. Məsələni müzakirə etdikdən sonra qərar qəbul olundu ki, getmək lazımdı. Yerimə kimin gətiriləcəyini bilmirəm. Fakt budu ki, komanda son oyunlarda zəif təsir bağışladı. Deməli, nəsə dəyişiklik etmək lazımdı. Rəhbərlik düz qərar qəbul etdi”.

 

Vahabzadənin sözlərinə görə, U-21-in üzvləri klublarında oyun praktikasının azlığından əziyyət çəkirlər: “Milli son matçlarda niyə zəif çıxış etdi? Çünki futbolçular oynamırlar. Çempionatda iştirak etmirlər”.

 

Yığmanın sabiq çalışdırıcısı bundan sonrakı planlarından da bəhs edib: “Bir müddət istirahət etmək lazımdı. Həyat davam edir. Pro kateqoriyalı məşqçiyəm. Hər halda, işsiz qalmaram”.

0